"Ermənistan sərhədə texnika yığır, bu, yeni müharibəyə hazırlıqdır" - Hərbi ekspert

"Ermənistan sərhədə texnika yığır, bu, yeni müharibəyə hazırlıqdır" - Hərbi ekspert
SİYASƏT
12:08 18.10.2022
862
Son vaxtlar yenə də müxtəlif təxribatlara əl atmağa çalışan, atəşkəsi pozan Ermənistan tərəfi bu dəfə sərhədə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir. 

Azərbaycan Müdafiə Nazirliyindən də verilən məlumata görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəs Ermənistan bununla nə etmək istəyir? Onlar yeni müharibəyə hazırlaşır? 

Hərbi ekspert Ramil Məmmədli AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır:


"Bu, ümumi prosesin tərkib hissəsidir. Yəni Ermənistanın Azərbaycanla sərhəd istiqamətində bölgədə formalaşdırdığı müdafiə prosesinin bir hissəsidir. Ümumilikdə isə, Ermənistan Azərbaycanla sərhədboyu ərazilərdə yeni mühəndis-istehkam xəttinin qurulmasını həyata keçirir. Müdafiə xəttinin formalaşdırmasını yerinə yetirir. Bu müdafiə xətti təxminən 400 kilometrlik sərhəd zolağını əhatə edəcək. Bunu Ermənistan tərəfinin yaydığı qeyri-rəsmi və rəsmi məlumatlara əsasən bildirirəm. Müdafiə xətti Göyçədən, yəni təxminən bizim Daşkəsən, Gədəbəy əraziləri istiqamətindən Araz çayınadək olan əraziləri əhatə edir. Ermənistan ordusunun bu yeni müdafiə xəttinin formalaşdırmaqda əsas məqsədi, təbii ki, gələcəkdə hər hansı bir addım atılarsa, onu sığortalamaq üçündür. Yəni istənilən halda hücumu həyata keçirmək istəyən ordu müdafiəni yüksək səviyyədə təkmilləşdirməlidir. 

Bu baxımdan da hesab edirəm ki, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi, eyni zamanda yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır. Təsadüfi deyil ki, bu prosesi həyata keçirən mühəndis-istehkam xidmətinə silahlı Pilotsuz Uçuş Aparatları və döyüş təyyarələrinin hava zərbələrindən qorunmaq üçün zəruri sayılan qurğulara da diqqət yetirilməsi tapşırılıb”. 

Ekspert bildirib ki, Ermənistanın bu cür addımları sülh müqaviləsinin bağlanması və sərhədlərin müəyyənləşməsinin ləngidilməsi üçün atılan addımlardır:

"Düşünürəm ki, Ermənistanın bölgədəki bu addımları sülh müqaviləsinin imzalanmasını ləngitməyə yönəlib. Həmçinin sərhəd zolağının delimitasiya və demarkasiyası işlərinə də mənfi təsir göstərmək üçün atılan addımlardır. Yəni həmin ərazinin hərbiləşdirilməsi birmənalı olaraq bu işlərə mənfi təsir göstərir. Hesab edirəm ki, bu da həmin istiqamətdə müəyyən müharibə işartılarının yaranması deməkdir. Təhlükə var, əgər ordu yığılırsa, hərbi birləşmə varsa, yeni müdafiə xətti formalaşdırılırsa, artıq buna birmənalı olaraq yeni müharibənin başlanğıcı kimi yanaşmalıyıq. Hətta qarşdurma olmasa belə, biz buna bu cür yanaşmalıyıq”.

Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR