''Ermənistan televiziyası Bakıdakı 'Eurovision'u canlı yayımlamalıdır əks halda ... '
MƏDƏNİYYƏT
01:52 03.05.2012
2981
Avropa Yayım Birliyi (AYB) Ermənistanı bu ayın sonu Bakıda keçiriləcək “Eurovizion” mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cəzalandırıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliynə qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzer bildirib. Onun sözlərinə görə, bu qərar AYB Televiziya komitəsi və referent qrupu tərəfindən işin öyrənilməsindən sonra verilib. Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin cərimə kimi həmin məbləğin 50 faizini ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını “əvvəldən axıra və fasiləsiz” yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək “Eurovision” yarışmasında iştirak hüququndan məhrum olacaq. Niberq-Frankenxauzer bildirib ki, qərar qəbul edilərkən Ermənistanın Bakıya müğənni göndərməməsi üçün gətirdiyi səbəblər nəzərə alınmayıb. “Reqlament mövcuddur, və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz”, - o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verilib.