Ermənistanda qarşıdan seçkilər gəlir. Siyasi dairələrdə isə əsas müzakirə mövzularından biri seçkilərin nəticəsinə xarici təsir imkanlarıdır. Xüsusilə Rusiyanın və yaxud hansısa 3-cü ölkənin seçkilərə təsir imkanlarının olub-olmaması ilə bağlı suallar gündəmdədir.
Digər tərəfdən, əgər pis ssenari üzərindən düşünsək və Ermənistanda seçkilərdə başqa bir siyasi şəxsin qalib gəlməsi ehtimalını nəzərə alsaq, bu vəziyyətin regionda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində hansı dəyişikliklərə səbəb olacağı da diqqət çəkən əsas məqamlardandır.
Hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Paşinyanın Ermənistanda növbəti dəfə seçilməsi Rusiyanın maraqlarına cavab vermir:

"Nikol Paşinyanın Ermənistanda növbəti dəfə seçilməsi Rusiyanın maraqlarına cavab vermir. Ermənistanda keçirilən seçkilərə əsas müdaxilə edən ölkənin Rusiya və onun tərəfindən maliyyələşən qüvvələr olacağı şübhə doğurmur. Azərbaycan ən böyük problemindən qurtulub, Qarabağ məsələsi həll olunub. Ermənistan da Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edərək sülh sazişini paraflayıb”.
Ekspert deyib ki, keçirilən sorğular Paşinyanın qalib gələcəyini göstərir:
"Son günlər Ermənistanda seçki ilə bağlı keçirilən sorğular göstərir ki, ölkə əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Ermənistan əhalisi yaxşı anlayır ki, Rusiyanı dəstəkləyən revanşistlərin hakimiyyətə gəlməsi Azərbaycan ilə əldə olunan sülh sazişi ilə bağlı bütün razılaşmaları darmadağın edə bilər. Xocalı qətliamında adı hallanan Köçəryan komandasının hakimiyyətə gəlməsi yeni müharibənin başlaması ilə nəticələnə bilər. Lakin bu, indiki halda Ermənistanın milli və dövlət maraqlarına uyğun deyil”.
Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə təsiri inkarolunmaz reallıqdır:

"Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələrinə kənardan müdaxilə kifayət qədər genişdir. İlk növbədə Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə təsiri inkarolunmaz reallıqdır. Hazırda Rusiyanın agentura şəbəkəsi Kremlin tapşırığı ilə Rusiyanın himayədarı Samvel Karapetyanı hakimiyyətə gətirmək üçün bütün imkanlardan istifadə edir.
Rusiyanın bunun üçün başqa imkanları da var. Həm iqtisadi, həm də ticari faktorlar hazırda Rusiyanın əsas təzyiq alətlərinin sırasındadır. Eyni zamanda Rusiyanın 102-ci hərbi bazası da həlledici təsir amillərindən biridir. Rusiya bu hərbi bazadan ən taleyüklü məqamda müdaxilə aləti kimi istifadə edə bilər”.
Ekspert deyib ki, Qərb siyasi dairələri də Rusiyanın müdaxiləsinin qarşısını almağa çalışır:
"Hakimiyyətini qorumağa çalışan Baş nazir Nikol Paşinyan Qərb siyasi dairələrini Ermənistandakı parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəlb etməyə çalışır. Avropa Birliyinin müşahidə missiyası hazırda Ermənistanda fəaliyyət göstərir və buna paralel olaraq daha bir qrup Ermənistana göndərilib. Onlar Rusiyanın seçkiyə müdaxiləsinə qarşı fəaliyyət göstərmək niyyətindədirlər. Rusiya və Qərb arasında Ermənistandakı seçkilər üzərindən ciddi qarşıdurma yaşanır. Təbii ki, Ermənistan cəmiyyəti hazırda olduqca taleyüklü seçim qarşısındadır. Əgər Paşinyan hakimiyyəti mövqelərini qorumağa nail olarsa, o zaman Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşma siyasətini davam etdirmək imkanı qazanacaq. Buna paralel olaraq da Ermənistan, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq, blokadadan çıxmaq şansı əldə edəcək. Ermənistanın iqtisadi inkişaf perspektivlərinin önü açılacaq. Yəni Ermənistan hazırda öz gələcək inkişaf istiqamətini müəyyənləşdirmək məcburiyyətindədir”.
Politoloq vurğulayıb ki, Rusiyayönlü şəxsin Ermənistanda hakimiyyətə gəlməsi bir çox şeyi dəyişə bilər:
"Rusiyanın emissarı Samvel Babayan və ya Rusiyanın agentura şəbəkəsinə daxil olan qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə həm Ermənistanda, həm də Cənubi Qafqazda bir çox şey dəyişə bilər. Rusiya öz nəzarətində olan agentura şəbəkəsinin hakimiyyətdə olmasından yararlanaraq sülh prosesini poza bilər və bununla da Cənubi Qafqazda hərbi-siyasi gərginliyi maksimum həddə çatdırmaq imkanı qazanar. Bu da Cənubi Qafqazda sülh və sabitliyin böyük təhlükə qarşısında qalacağı deməkdir. Hazırda Ermənistan cəmiyyəti yeni inkişaf mərhələsinə keçmək və ya Rusiyanın qaranlıq tunelinə qayıtmaq arasında prinsipial seçim etmək məcburiyyətindədir”.
Şahanə Ziyad











































