Ermənistanda prezident də "gəmini" tərk etdi: “Paşinyan onu belə aldatmışdı” - TƏHLİL

Ermənistanda prezident də "gəmini" tərk etdi: “Paşinyan onu belə aldatmışdı” - TƏHLİL
SİYASƏT
14:58 24.01.2022
788

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Bu barədə Armen Sarkisyan özü bildirib. Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb. 

Həmçinin oxu

Artur Vanesyan:"Ermənistan Prezidentinin istefası heç bir problemi həll etmir”

"Prezident ölkədən kənarda istefa verib" -Ermənistan qarışır

Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?

Bəs, Armen Sarkisyanın istefasının əsl səbəbləri nələrdir?

AZXEBER.COM xəbər verir ki, siyasi analitik Asif Nərimanlı bu barədə fikirlərini bildirib. O, qeyd edib ki, Ermənistan Armen Sarkisyan -Nikol Paşinyan mübarizəsində ikinci qalib gəlib:


"44 günlük müharibədən sonra Armen Sarkisyan xüsusilə aktivləşmişdi və Paşinyan üçün qərarların qəbul edilməsində problemlər yaradırdı. Qasparyan qiyamı zamanı bu, açıq müstəvidə özünü göstərirdi.

Paşinyan Armeni "yola gətirmək” üçün prezident səlahiyyətlərinin artırılmasını təklif etmişdi. Proseslərin inkişafı göstərdi ki, qapalı görüşdə tərəflər razılaşdılar, amma Nikol böhranı həll etdikdən, xüsusilə də parlament seçkilərində qalib gəldikdən və gücləndikdən sonra "vədinə əməl” etmədi. Paşinyan konstitusiya islahatlarına hazırlaşır və yeni dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Lakin o, bunu Armen Sarkisyan üçün yox, öz gələcəyinə hesablayıb. Nikolun hakimiyyətini "geniş səlahiyyətə malik prezident” davam etdirmək planı var. Armen Sarkisyanın səlahiyyət müddətinin (2025-ci il) başa çatmasına qədər gözləmək zaman alacaqdı və görünür, Paşinyan prezidenti istefaya məcbur edib.

Bu fikri Sarkisyanın müraciətindəki bir qeyd xüsusilə gücləndirir. Armen bildirir ki, "reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlif siyasi qrupların hədəfində olur”. İstisna deyil ki, Armenə istefası üçün ailəsi üzərindən də təzyiq edilib. A.Sarkisyan istefa müraciətində bildirir ki, prezident səlahiyyətləri faktiki nə daxili, nə də xarici məsələlərdə həlledici qərar verməyə imkan vermir. Armen bununla müharibədəki məğlubiyyətə və hakimiyyətin siyasətinə görə məsuliyyət daşımadığını da deməyə, gedərkən "təmizə çıxmağa” çalışır”, deyə Asif Nərimanlı bildirib”.

Siyasi şərhçi qeyd edib ki, "Niyə indi istefaya getdi” sualının iki tərəfi var: "Birincisi tərəfi Armenin son dövrlər atdığı addımlar və Paşinyanın bundan narahat olmasıdır. Sarkisyan xarici səfələrini intensivləşdirmişdi, xüsusilə ərəb ölkələri ilə münasibətlərin qurulmasında, ölkəyə investisiya cəlb edilməsində müəyyən nəticələr əldə edirdi. Paşinyan prezidenti indi göndərə bilməsəydi, sonra daha çətin ola bilərdi. Armenin prezident postunda qalması hakimiyyətin konstitusiya islahatlarını sürətləndirmək istəyi ilə paradoks təşkil edirdi. İkinci tərəfi Armen Sarkisyanın hakimiyyətin yeni qərarlarının məsuliyyətini bölüşmək istəməməsidir. O, müraciətində "radikal siyasi dəyişikliklərə”, gözlənilən "problemlərə” işarə vurur. Mümkündür ki, bununla Paşinyan hakimiyyətinin atacağı addımlara "ortaq olmaq” istəmədiyinin mesajını verir: Ermənistanın Azərbaycanla imzalayacağı mümkün müqavilələr və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması”.

Asif Nərimanlı onu da qeyd edib ki, Armenin gedişi Paşinyanın daxildə siyasi gücünü daha da artıracaq: "Sarkisyan hadisələrin iki mümkün istiqamətdə inkişafını gördüyü üçün istefa verib, yaxud Paşinyanın istefa tələbinə razı olub. Bu o demək deyil ki, Armen proseslərin bu istiqamətdə inkişafına qarşıdır: bir neçə gün öncə "Sky Nyus Arabia” telekanalına müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşmasının doğru siyasət olduğunu bildirmişdi. Armen istədiyini ala bilmədiyi – daha çox səlahiyyətə malik olmayacağı təqdirdə "niyə məsuliyyəti bölsün” məntiqi ilə hərəkət edir. Burada erməni diasporunun da mövqeyi həlledici amildir və Armen Ermənistanda istədiyini ala bilməcəyini anladığı üçün diasporla münasibətləri də pisləşdirmək istəmir. Həmin müsahibəsində 2009-cu il Sürix protokollarına toxunur və qeyd edir ki, "Ermənistanın prezidenti və ya baş naziri diasporun dəstəyi olmadan necə saziş imzalaya bilərdi?”. Bununla hazırda Ankara-İrəvan münasibətlərinin normallaşması prosesində də diasporun dəstəyinin əhəmiyyətli olduğu mesajını verirdi. Armenin gedişi Paşinyanın daxildə siyasi gücünü daha da artıracaq, hərçənd, diasporun ona qarşı mübarizəsi daha da güclənə bilər, xüsusilə Ankara-İrəvan münasibətlərinin normallaşması və qondarma "erməni soyqırımı” məsələsinin arxa plana keçməsi prosesi sürətləndikcə, belə perspektiv güclənir”.

"Ermənistan prezidenti Armen Sarkisyanın istefası Ermənistan hakimiyyəti içərisindəki dərin iqtisadi-siyasi böhranın nəticələrini növbəti dəfə ortaya çıxarır”.

Bu sözləri isə AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

 O qeyd edib ki, ümumilikdə Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla yola getmirdi və hakimiyyət daxilindəki bu çarxlar bütün erməni ictimaiyyəti və dünya siyasi arenası üçün də məlum olan hadisələr idi: "Məsələ ondan ibarətdir ki, Nikol Paşinyan uzun müddətdir konstitusiyada dəyişikliklər etmək istəyir və növbədənkənar parlament seçkilərində qalib gəldikdən sonra əsas hədəf ölkədə prezidentlik institutunun daha da gücləndirilməsidir və Nikol Paşinyanın növbəti hədəfi baş nazir kimi deyil, prezident kimi Ermənistanda hakimiyyətə gəlmək və siyasi iddialarını gücləndirməkdir. Bütün bu baş verənləri isə Ermənistan prezidenti Armen Sarkisyan yaxşı izləyir və bundan sonra özəlliklə Ermənistan-Türkiyə arasındakı münasibətlərin normallaşması ilə bağlı danışıqlar, 3+3 görüşü çərçivəsindəki bir çox siyasi əlaqələr Ermənistan prezidentinin nüfuzsuz qaldığını və proseslərə təsir etmək imkanının olmadığını göstərir. Bu baxımdan Armen Sarkisyan istefa verə bilər. İkinci bir səbəb isə ondan ibarətdir ki, Ermənistan prezidenti ərəb ölkələrinə mesajlar verir, səfərlər edir və eyni zamanda özünün daha aktiv siyasi fəaliyyətini göstərməyə çalışır”.

Politoloq onu da vurğulayıb ki, ola bilsin ki, prezidentin bu siyasi aktivliyi baş nazir Nikol Paşinyanı və onun ətrafındakı siyası elitanı ciddi şəkildə narahat edir və bu klanlar arası çarpışma sonda Ermənistan prezidentinin geriyə addım atmağı ilə nəticələnmiş olub: "Mən düşünürəm ki, bütövlükdə son yarım il ərzində müdafiə nazirlərinin istefa verməyi, dəyişməyi ölkənin xarici konsulluqlarına və səfirliklərinə diplomatların tapılmaması və ən nəhayət Ermənistanda prezidentin istefa verməsi Ermənistan hakimiyyətinin və bütövlükdə Ermənistandakı siyasi vəziyyətin düşdüyü acınacaqlı vəziyyəti göstərir. Ermənistanın bütün bu proseslərdən qurtulmaq, normal ictimai siyasi münasibətlər sistemi qurmağının tək çarəsi isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və regionda sülh və əminamanlıq mühitinə zərbə vurmamaqdan keçir”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR