“Ermənistandan soruşmaq lazımdır ki, işğal altındakı torpaqlarda hərbi təlimlər keçirməkdə məqsədin nə idi?

SİYASƏT
15:51 13.11.2014
1195

Xəbər verildiyi kimi, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində vurulub.

Erməni helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Olayın baş verməsinin ardından isə beynəlxalq təşkilatların bir-birinin ardınca bəyanatlar verməsini müşahidə edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə müharibənin başlanması təhlükəsindən qaçmaq üçün tərəflərə müraciətlər edirlər.

Ermənistan müdafiə naziri isə BQXK-yə müraciət edərək meyitlərin alınması üşün dəstək istəyib.

Sözügedən olayla bağlı Milli Məclisin Təhlükəsizlik Məsələləri Üzrə Komissiyasının üzvü Aqil Abbasla danışdıq. AZXEBER.COM-a danışan A.Abbas bildirdi ki, bu erməni təxribatıdır: “25 ildir bu münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT danışıqlar aparır, monitorinqlər aparır, tərəfləri atəşkəsi pozmamağa çağırır. Nəticəsi nədir? Diplomatlar sərhəddi o tərəfə keçən kimi ordan bu yana atəş açılır, dinc əhalimiz öldürülür. Bunları beynəlxalq təşkilatlar görmürlər? İllərdir o tərəfdə əsirlikdə qalan soydaşlarımızı ala bilirkmi? Ermənilər sərhəddə olan çobanı, şikəst uşağı girov götürürlər. Bunlar bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycan münaqişənin həll olunmasını istəmir. Ermənistandan soruşmaq lazımdır ki, 25 ildir Azərbaycanın işğal altında olan torpaqlarında hərbi təlimlər keçirməkdə məqsədiniz nə idi? Onlar sadəcə, bu yolla Azərbaycana qara yaxmaq istəyirlər”.

Milli Məclisin Təhlükəsizlik Məsələləri Üzrə Komissiyasının üzvü Zahid Oruc isə olaya münasibətini belə bildirdi: “İlk növbədə istərdim ki, hər kəs İlkin Muradov kimi hədəfi düzgün vura bilsin. Helikopterin vurulmasından sonra yenə də müəyyən dairələrdə ehtimallar baş qaldırıb ki, Azərbaycan cəzalandırıla bilər. Bizim cəzamız torpaqlarımızın 20 %-nin işğal altında olaraq yaşamağımızdır. Qarabağın muxtar vilayət ərazisi 4,38 min kv.km-dir. İşğal olunmuş 7 rayonun ərazisi isə 12.300 kv.km ərazidir. Bütün bunlar daha kiçik radiusda uçan hərbi qurğuya - bir helikopterə azlıq edir? Bunların hamısını aşıb keçərkən Ağdamın kəndi üzərində manevrlər edərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən haqlı cəzalandırılmaya məruz qalıb. Əgər bu hadisə Xankəndi üzərində, arxa cəbhədə baş versəydi, o zaman deyərdilər ki, Azərbaycan orta mənzilli raket qurğularından istifadə edib atəşkəs rejimini pozur. İndiki gerçəklik isə belə deyil”.

Bəzi dairələrin bu olayın baş verməsinin Qafqazda münaqişənin alovlanması kimi təqdim edilməsinin doğru olmadığnı qeyd edən müsahibimiz daha sonra bunları qeyd etdi: “Erməni tərəfi Müdafiə Nazirliyinin dili ilə bildirir ki, bu helikopter tədris məqsədi ilə dinc uçuş həyata keçirən hərbi qurğu olub. Bunlar bütün dünyanı ağılsız hesab edirlər? Bəlkə bunlar bizim insanlarımızı öldürəndə də deyəcəklər ki, bunu sizin xeyriniz üçün edirik. Mən bir parlament üzvü kimi bu olayla bağlı beynəlxalq təşkilatlara müraciət etməyi təklif edirəm. ATƏT-in Minsk Qrupu təmsilçiləri, NATO nümayəndələri bilsinlər ki, İlkin Muradovun dayandığı səngərə gəlib baxsınlar, bizim hərbçilərin formalarını geyinsinlər, açılan atəşləri görsünlər, bir gün ərzində baş verən hər şeyin öz gözləri ilə müşahidəsini aparsınlar. O zaman onlar isti kabinetlərdən verdikləri bəyanatların nə qədər cəfəng və əsassız olduğunu özləri də anlasınlar, biz də bunun şahidi olaq. Azərbaycan Ordusu güclüdür, peşəkarlığını daim artırır. Bundan sonra da, Ermənistanda olan xof, mənəvi-psixoloji qorxu dərinləşməkdə davam etməkdədir. Bunun nəticəsidir ki, Ermənistan prezidenti Sarkisyan dünən gecə Qarabağa gedib. Olayla bağlı videonun yayılması isə bütün suallara aydınlıq gətirdi, nöqtə qoymuş oldu”.

Azxeber.com

OXŞAR XƏBƏRLƏR