Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin "İzvestiya”ya müsahibəsində Ermənistan parlamentinin qəbul etdiyi Aİ-yə üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə Moskvanın münasibətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın maraqlarını pozmaq planları yoxdur:
"Söhbət Rusiyanın və ya kiminsə çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı kənarlaşdırmaq və ya zərər vurmaq istəməsində getmir. Bizim ötən il ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və ciddi artım nümayiş etdirib. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Ermənistan, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır”.
Qaluzin eyni zamanda vurğulayıb ki, Aİ və Aİİ-yə obyektiv şəkildə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqlar müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdir və onlar mahiyyətcə fərqli iqtisadi bloklardır.
'Müvafiq olaraq, Ermənistan müəyyən məqamda hansı istiqamətdə getdiyinə qərar verməli olacaq: Avropa İttifaqına inteqrasiyaya, yoxsa Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsinə...Bu iştirak Ermənistan əhalisinə açıq-aşkar fayda verir. Bu, ilk növbədə Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib", - Rusiya XİN rəhbərinin müavini qeyd edib.
Digər tərəfdən, Qaluzinin fikrincə, Aİ indiki mərhələdə Ermənistan və digər ölkələr üçün üzvlük üçün qeyri-müəyyən perspektivləri olan tələblər, meyarlar toplusudur. "Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Yəqin ki, bu, təəssüf ki, Ermənistan əhalisi də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq. Ehtimal etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nəyi itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən həqiqətən nə əldə edə biləcəyini öz əhalisinə izah edəcək. Hətta bu gün Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır.
Bundan əlavə, Aİ Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Bu, Rusiyaya strateji məğlubiyyət vermək və ölkəni zəiflətmək, Ukrayna böhranının siyasi-diplomatik yolla həllinə, sülhə nail olmağa yönəlmiş istənilən hərəkətlərin qarşısını almaq, Rusiya ilə onun MDB, Aİİ və KTMT-dəki strateji tərəfdaşları və müttəfiqləri arasında münasibətlərə zərbə vurmaq cəhdlərindən ibarətdir. Rəsmi İrəvanda ümid edirəm ki, bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. İndiyə qədər Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir strukturundan çıxmayıb. Biz onun ötən il, 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri də MDB-nin bütün iclaslarında, bütün ekspert görüşlərində fəal iştirak edirlər", - deyə Qaluzin yekunlaşdırıb.
APA