"Ermənistanın Azərbaycanın tələbləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmayıb"

"Ermənistanın Azərbaycanın tələbləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmayıb"
SİYASƏT
17:47 22.04.2022
920
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanması bütün dünyanın gözü qarşısında baş verdi. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi.

"Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur".

Bu fikirləri aprelin 22-də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

"Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi. 30 ilə yaxın davam edən danışıqların işğalı əbədiləşdirmək, Ermənistan işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə biz heç vaxt buna razı ola bilməzdik.

Vətən müharibəsində göstəridiyimiz iradə, qətiyyət döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz tək Ermənsitanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq. Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq. Ona görə bu qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur", - Prezident bildirib.

30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız bu qələbə ilə yenidən öz vətəninə və vətəndaşlarına qovuşdu. İşğaldan azad edilmiş torpaqlara qayıdış prosesi bu qovuşmanı tam edəcək. Ali Baş Komandanın nəzarəti ilə həyata keçirilən böyük qayıdış prosesi çərçivəsində bu gün də ciddi işlər görülür. Prezidentin mütəmadi olaraq azad edilmiş ərazilərə səfəri, görülən işlərlə yaxından tanış olması prosesi daha da sürətləndirir. 

Prezident İlham Əliyev son olaraq aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri və Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub.
 


Prezidentin Füzuli səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a qeyd edib ki, su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri tanış olub. Ümumi sistemə daxil olan "Köndələnçay-1”, "Köndələnçay-2” və "Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Füzuli rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinlik yaradırdı. Xüsusən də yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur.cİşğaldan azad olunan ərazilərimizdə su hövzələrin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımdan vacib idi. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur”.

Deputat həmçinin qeyd edib ki, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür:

"Azərbaycanın mineral və suvarma su ehtiyatların təxminin ¼-i işğaldan azad olunan ərazilərimizin payın düşür. Bu, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımdan vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək. Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq”.

Qələbədən sonra görülən işlər bunlarla da yekunlaşmır. Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demqarqasiyası kimi proseslər də qarşıya qoyulmuş məsələlərdəndir. Ermənistan hər nə qədər bu proseslərin baş tutmasını uzatmağa çalışsa da, Azərbaycanın qətiyyətli mövqeyi onların qarşısında dayanır. Görünür, artıq Ermənistanın da Azərbaycanın tələbləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmayıb. 

Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəlmələri bunu deməyə daha bir əsas verir.
 
 
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu görüşlə bağlı fikirlərini AZXEBER.COM-a bildirib.

O, qeyd edib ki, ötən gün ən əsas razılaşmalardan biri tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izin verməmklə bağlı öhdəlik götürməsi oldu:

"Paşinyan-Putin görüşməsində Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən önə çıxan məsələr iki ölkənin xarici siyasət məslələrində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əmkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izin verməmklə bağlı öhdəlik götürməsi oldu. Xüsusilə, bu kontekstdə informasiya və bioloji təhlükısizlik məsələləri aktuallaşdırıldı. İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətləşmələr aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli, ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir”. 

Deputat qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsinin zəruriliyini önə çəkib:

"İkinci xüsusi diqqət çəkən məqam isə odur ki, üçüncü tərəf yəni tutaq ki, hər hansı bir Qərb ölkəsi Ukraynada olduğu kimi Ermənistan ərazisində bioloji laborotoriyalar, yaxud digər bənzər vasitələr yaradaraq Rusiyanı təhdid edə bilməz. Bu zərurət görünür, Paşinyanın bu vaxta qədər Rusiya ilə münasibətlərdə etimad mühiti yarada bilməməsi ilə əlaqədardır ki, Rusiya bunu artıq hüquqi öhdəçiliklə Paşinyanın üzərinə qoymuş olur. Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsini, "3+3” formatında əməkdaşlığın gücləndirilməsini və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib. Belə bir zərurət onunla izah edilməlidir ki, hazırki mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir. Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari, istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə konpensasiya etməyə çalışır. Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru kordinal şəkildə dəyişir. Elə bu dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qalxmasını zəruri edir. Ona görə də Putin Türkiyə-Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan cəmiyyəti bundan sonra qalib və başıuca xalq kimi yaşayacaq. 30 il uzun müddət olsa da, vətəndaşlarımızın dövlətə inamı artıq onların öz torpaqlarına geri dönməsinə səbəb oldu.

Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”; mövzusu üzrə dərc edilib.
 


OXŞAR XƏBƏRLƏR