Təəssüflər olsun ki, uğurlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də həll olunmamış qalmaqdadır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun “Şəxsiyyətlər” jurnalında “İlham Əliyevin siyasi fəaliyyəti” başlıqlı məqaləsində deyilir.
Nazir qeyd edib ki, münaqişənin nizamlanması yolunda duran ən böyük maneə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır.
“Əminəm ki, silahlı qüvvələrin bu ərazilərdən çıxarılmasına başlanarsa, bu, təkcə münaqişənin nizamlanması üçün yox, həm də bölgənin bütün ölkələrinin iştirakı ilə qarşılıqlı fayda gətirəcək regional layihələr üçün geniş imkanlar yaradacaq.
Ölkə prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan sülh yolu ilə danışıqlar prosesinin tərəfdarıdır, halbuki dünya ictimaiyyətinin bu məsələyə labüd reaksiyası Azərbaycan dövləti başçısının iradəsini yerinə yetirdiyi Azərbaycan xalqında ciddi narazılıq oyadır”.
E.Məmmədyarov vurğulayıb ki, təəccüb doğuran fakt odur ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə münasibətdə göstərdiyi hörmətsizliyə və onları icra etməməsinə dünya ictimaiyyəti lazımi reaksiya nümayiş etdirmir.
“Bütün məsuliyyətimlə bəyan edə bilərəm ki, Azərbaycan heç vaxt Ermənistanın ölkəmizə qarşı təcavüzkarlığının fəsadları ilə barışmayacaq.
Bu gün ümumi səylərin səfərbər edilməsi və “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi sayəsində dünya erməni silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı sakinlərə qarşı həyata keçirdikləri cinayətlər barədə xəbər tuta bilib. Bu faktın dünya ölkələri tərəfindən tanınması ilbəil daha da artır.
Meksika, Kolumbiya, Peru, Pakistan, Çexiya, Bosniya və Herseqovina, İordaniya kimi ölkələrin parlamentləri, o cümlədən, Amerika Birləşmiş Ştatlarının 18 ştatının qanunverici orqanı bu cinayətə ədalətli qiymət verərək, Xocalıda baş verən hadisələri bəşəriyyətə qarşı cinayət, soyqırımı və kütləvi qırğın kimi tanıyıblar”.