"Azərbaycanla Ermənistan arasında münaqişə artıq tarixdə qalıb. Hər hansı yeni münaqişənin başlanması üçün nə real zəmin, nə də Ermənistanın bu münaqişəni başlaması üçün güc və imkanları yoxdur”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, kimsə yeni müharibə ehtimali barədə düşünürsə səhvə yol verir:
"Qalib, müharibə sonrası imkan və potensialını dəfələrlə artırmış müstəqil bir dövlətlə hərbi potensialının 80 faizindən artığı məhv edilmiş, milli ruhu qırılmış, yarımmüstəqil forpostun bundan sonra müharibəsi ağlabatan deyil. Mövcud imkanlar və kənar yardımlar isə "hayl"arın ən azı yaxın bir neçə on illikdə ordu qurucluğu üçün yetərli deyil. Yəni kimsə yeni müharibə ehtimali barədə düşünürsə səhvə yol verir.
Son sutkada baş verən insidentlərə gəlincə, proseslərin bu cür gedişatının iki səbəbi ola bilər. Birincisi, Ermənistanda hakimiyyətsizlikdir, məğlub ordunun komandanlığı siyasi hakimiyyətə faktiki tabe deyil. Həmçinin, məlumdur ki, Azərbaycanın zəfərindən sonra erməni ordusu qalıqlarına rəhbərlik edən ayrı-ayrı şəxslər arasında vahid koordinasiya yoxdur, əksinə ciddi fikir ayrılıqları və parçalanma var ki, onların atdığı addımlar idarə olunmur və xaraktercə quldur dəstələrinin başıpozuq revanş cəhdlərindən başqa bir şey deyil”.
"Seçki sonrası ölkə daxilində gərginlik, mümkün vətəndaş müharibəsi ehtimalını aradan qaldırmaq üçün Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə, yaxud, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində süni gərginlik yaratmaqla daxili auditoriyanın diqqətini bura yönəltmək və hakimiyyətini qorumaq niyyətindədir. Biz bütün baş verənlərə Ermənistanın daxili işi kimi yanaşa bilərdik, lakin, əgər nəticə etibarı ilə Azərbaycana atəş açılırsa, vətəndaşımız, hərbçimiz yaralanırsa, demək ki, Azərbaycanın artıq özünü müdafiə hüququ yaranır. BMT Nizamnaməsinin ən azı iki maddəsinə və digər beynəlxalq hüquqi aktlara əsasən, Azərbaycan tərəfinin tam hüququ var ki, istər sərhədləri daxilində, istər sərhədləri xaricində təhdid törədən istənilən təhlükə mənbəyini neytrallaşdırsın, yəni atəşin açıldığı nöqtəni və atəş açanları məhv etsin.
Əminliklə demək olar ki, erməni xalqının özü üçün də ən doğrusu məhz bu olar, Çünki, bu kimi insidentlərin qaynaqlandığı mənbələr məhv edilməyincə bölgədə tam mənada sülh və əməkdaşlıq platformasının yaradılması prosesi çətinləşəcək. Bu mənada hesab edirəm ki, beynəlxalq ictimaiyyət məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməzsə Azərbaycanın özünün təhlükəsizliyi, həmçinin, bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi naminə, müəyyən istiqamətlərdə konkret sərt addımların atılması şərtlənməkdədir”.
Aydın Nuri
Aydın Nuri