Azərbaycanın aparıcı mobil rabitə operatorlarından biri olan "Azercell” yeni ödəmə kartı şərtləri və internet paketlərinin qiymət artımı ilə bağlı dəyişikliyi bu gündən qüvvəyə minir.
AZXEBER.COM xəbər verir ki, yeni dəyişikliklərə əsasən, bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə kartlarının yükləmə müddəti nominaldan asılı olaraq müəyyənləşir və +90 gün istifadə müddəti qüvvədə qalır. Bu müddət ərzində istifadəçi balansına yeni kart yükləyərək həm əvvəlki vəsaiti, həm də yeni balansı sərbəst şəkildə istifadə edə bilər.
Bundan başqa, elektron ödənişlər üçün minimal məbləğ 1 AZN-ə qaldırılıb. Əvvəllər 3 manatla 20 gün aktiv olan mobil xətt üçün artıq 25 manat tələb olunur ki, bu da istifadəçilər arasında ciddi narazılığa səbəb olub.
Yeni tariflərə əsasən, 1 və 3 saatlıq limitsiz internet paketləri müvafiq olaraq 0.4 AZN və 0.5 AZN bahalaşıb. Bu artım da istifadəçilər tərəfindən tənqid edilir.
Xatırladaq ki, bir neçə müddət öncə, sosial media istifadəçiləri "Azercell”in son qərarlarına etiraz edərək, qərarın dəyişdirilməsini istəmişdilər. Kütləvi narazılığa baxmayaraq, mobil operator müəyyən açıqlamalarla kifayətlənərək qərarı qüvvədə saxladı.