“Eurovision-2012” üçün “Bakı Kristal Zalı” tikilir

“Eurovision-2012” üçün “Bakı Kristal Zalı” tikilir
ŞOU-BİZNES
12:23 02.09.2011
2222

Prezidentin İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bir sıra əməli tədbirlər həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi bununla bağlı açıqlama yayıb. Komitədən bildirilib ki, müasir beynəlxalq standartlara uyğun olaraq Kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra tanınmış xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, müxtəlif idman və mədəni məqsədlər üçün inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti podratçı kimi seçilib.

Bu ilin avqust ayının 2-də “Alpine Bau Deutchland AG” şirkəti ilə əsas müqavilə imzalanıb, Kompleksin inşa ediləcəyi ərazi müəyyən edilib və həmin ərazidə tikinti üçün zəruri hazırlıq işlərinin aparılmasına başlanıb. Kompleks Bakı şəhərinin Dövlət Bayrağı Meydanı ərazisində inşa ediləcək.

İnşa ediləcək “Bakı Kristal Zalı” adlandırılan İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, “Alpine Bau Deutchland AG şirkəti” Kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən Kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin gedişatına nəzarət üçün peşəkar texniki nəzarətçilər cəlb edilib. Prezidentin sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində vəsait ayrılıb. Beləliklə, “Bakı Kristal Zalı” “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi yer olacaq. Müsabiqə gələn il mayın 22, 24 və 26-da keçiriləcək. Mayın 22-də birinci yarımfinal, 24-də ikinci yarımfinal baş tutacaq. Müsabiqənin final mərhələsi isə mayın 26-da olacaq. Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva rəhbər təyin edilib.

OXŞAR XƏBƏRLƏR