“Eurovision” ulduzları Bakıya gəlirlər

MARAQLI
09:35 30.09.2011
1612

“Eurovision” ulduzları – Litva təmsilçisi Saşa Son, Rumıniya təmsilçiləri Paula və Ovi dueti və Moldovadan “Zdob şi Zdub” qrupu sabah Bakıya gələcəklər. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, onlar oktyabrın 2-i İçərişəhərdə, Qoşa Qala Qapısı meydanında baş tutacaq “Caspian Coast Üzüm Yığımı Festivalı”nda iştirak edəcəklər.

Festival çərçivəsində təşkil olunacaq konsert proqramında Azərbaycanı “Avroviziya” müsabiqəsində uğurla təmsil etmiş Aysel Teymurzadə və Safura Əlizadə ilə yanaşı Məryəm Şabanova və Milk&Kisses qrupunun da iştirakı gözlənilir. Festivalda iştirak edəcək Bakı sakinləri və qonaqlar müxtəlif ölkələrin mətbəxləri ilə tanış olacaq, burada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələrinə tamaşa edəcəklər. Ukraynadan gətirilən “canlı heykəllər” festivalda şən ovqat yaradacaq, qonaqlar təbii üzüm, üzüm şirəsi, yüksək keyfiyyətli pendir, şərab ala və bu məhsulların dadına baxa biləcəklər. “Caspian Coast Üzüm Yığımı Festivalı” üzüm yığımı mövsümünə və üzüm məhsullarına həsr olunub. Festivalın keçirilməsində məqsəd əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqətin artırılmasına nail olmaqdır.

OXŞAR XƏBƏRLƏR