‘Eurovision’un iyrənc tərəfi... - ARAŞDIRMA

MAQAZİN
15:14 13.05.2014
3658

Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 59-cu “Eurovision” mahnı müsabiqəsi başa çatdı və həmin müsahibə cinsi azlıqların qələbəsi kimi tarixə düşdü.

Avropanın diqqət mərkəzinə çevrilən müsabiqədə Azərbaycanın 22-ci yeri tutması hər kəsin təəccübünə səbəb oldu. Hətta vəziyyət elə bir yerə gəlib çıxdı ki, avstriyalı transseksual müğənni Konçita Vurstun qalib olması insanları daha da təəccübləndirdi. Onun ifa etdiyi “Rise Like a Phoenix” (Simurq quşu kimi yüksəl) mahnısının 290 balla birinci olması hər kəsi məyus edib. Bütün dünyanın diqqəti isə onun müsabiqədən sonrakı çıxışına yönəlib. Belə ki, Konçita transseksualların qalib gəldiyini söyləyərək insanların narazılığına səbəb olub. İştirakçımızın ifasını bəyənən dünya musiqişünasları bu məsələyə öz təəccüblərini gizlədə bilmədiklərini deyiblər. 

Biz də “Eurovision” müsabiqəsində iştirak etdiyimizdən bəri daim top 10-luqda yer alan Azərbaycanın bu dəfə nə üçün sonuncu yerlərdən birini tutduğunu araşdırmağa çalışdıq. “Eurovision” müsabiqəsi ilə yaxından tanış olan mütəxəssislərə sual etdik, nəticə ilə bağlı onların fikirlərini öyrəndik. Aldığımız cavablar isə müxtəlif oldu. Kimisi bizim o yerə layiq olmadığımızı dedi, kimisi isə kaş ki, “həmin müsabiqəyə qatılmayaydıq” kimi fikirlər səsləndirdi. 

“Burada faciəli bir şey yoxdur”

Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov “Eurovision” müsabiqəsində kifayət qədər sanballı münsiflər heyətinin iştirak etdiyini, həmin münsiflərin finala vəsiqə qazanan mahnıları bir-bir ələkdən keçirdiyini dedi: “Azərbaycanın təmsilçisi Dilarə Kazımova ali təhsilli musiqiçi və gözəl ifaçıdır. O, peşəkar müğənnidir. Həmin müsabiqədə Azərbaycanın 22-ci yer tutmasına heç də təəssüflənmək lazım deyil. Finala vəsiqə qazanan iştirakçıların hamısının gözəl səsi var idi. Bizim təmsilçimiz də əgər finala çıxa bilibsə, deməli gözəl ifaçıdır. O, uzun müddətdir ki, musiqi aləmindən xəbərdardır. Dilarənin ifası müsabiqədə nümayiş olunan digər mahnılardan heç də geri qalmırdı. Hətta mən deyərdim ki, ikinci yeri tutan Hollandiyanın mahnısı çox duzsuz idi, Dilarənin ifası ondan qat-qat üstün idi. Yəni deməyim odur ki, Dilarənin 22-ci yer tutması o demək deyil ki, o, zəif ifaçıdır. Hesab edirəm ki, onu Bakıya gələndə digər ifaçılarımız kimi qarşılamaq lazımdır. Dilarənin 22-ci yer tutmasına səbəb mahnısının lirik üslubda ifa olunması olub. Mahnının hərəkətsiz, dinamikasız ifa olunması bəlkə də onu 22-ci edib. Burada faciəli bir şey yoxdur”.

Faiq Sücəddinov bizimlə söhbətində birinci yerə layiq görülən Konçita Vurstun qadın geyimi ilə iştirakından, həmin müsabiqənin şərtlərindən danışdı: “Konçita Vurstun görünüşü cəlbedici olmasa da, ifası elə də bərbad deyildi. Bilirsinizmi, bu gün Avropa bu meyarla yaşayır. Avstriyanın transseksual iştirakçısı Konçita Vurst mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinə mesaj göndərdi ki, siz bizim qabağımızda dura bilməyəcəksiniz. Görünür ki, bu onların məqsədi olub”. 

“Kaş o finala düşməyəydik”

Azərbaycanın xaricdə çalışan tanınmış bəstəkarı Gövhər Həsənzadə Dilarə Kazımovanın ifasını bəyəndiyini, ancaq onun səsindən düzgün şəkildə istifadə olunmadığını qeyd etdi: “Builki səsvermənin qeyri-adi olması, yəni orada iştirak edən ifaçıların səslərinin bir-birinə bənzəməməsi məni çox təəccübləndirdi. Təəccübümə səbəb olan digər məsələ isə odur ki, cinsi azlıq nümayəndəsi lider olaraq hər hansı bir layihədə iştirak edir və ona Avropa bu qədər dəstək verir. Bu məni xeyli xəyal qırıqlığına uğratdı. Sən demə, Avropa transseksual insanlara böyük dəstək olurmuş. Bu, məni çox məyus etdi. Mənə belə gəlir ki, “Eurovision” müsabiqəsi mənim kimi düşünən, normal həyat tərzi sürən insanların hər birinin gözündən düşdü. Konçita Vurst kimi transseksual bir ifaçının birinci yerə çıxdığı müsabiqədə Azərbaycan elə axırıncı olsa, yaxşıdır. Əgər bu müsabiqəyə o prizmadan baxılıbsa, kaş o finala düşməyəydik. Müsabiqədə tamaşaçı auditoriyası transistlərə dəstək verirsə, bizim oradakı pillələrdə yer almamağımız daha yaxşıdır. Bunu heç cür qəbul edə bilmirəm”.

Gövhər Həsənzadə transseksual insanların Avropanın öndə gedən layihəsində fəxrlə qalib kimi göstərilməsini heç də xoş qarşılamadığını dedi: “Bütün Avropa tamaşaçılarının Konçita Vurstu dünyaya nümayiş etdirməsi heç də qürurlu bir iş deyil. Müsabiqədə gözəl mahnılar var idi. Onların içərisində Latviya, Estoniya, Moldova, Rusiya, Ukrayna kimi ölkələri misal gətirə bilərəm. Belə iştirakçılar olan yerdə mənşəyi məlum olmayan birini birinci yerə çıxarmağa ehtiyac yox idi. O, peşəkar ifaçı ola bilərdi. Ancaq bu yarışma təkcə ifa ilə kifayətlənmir. Bu, Avropanın musiqi nümunəsini, performansını, ifasını dünyaya təqdim edən bir layihədir. Avropa tarnsseksual birini dünyaya çıxarıb təqdim edirsə, onda yazıqlar olsun”. 

Dilarənin ifasını normal dəyərləndirən Gövhər Həsənzadə təmsilçimizi qınamağı düzgün hesab etmədiyini qeyd edərək, iradlarımızı Azərbaycan adından musiqi hazırlayan yaradıcı heyətə bildirə biləcəyimizi söylədi: “Dilarə bu gün müzakirə obyekti olmamalıdır. Dilarədən nə tələb olunubsa, o da onu icra edib. Dilarəni artıq 10 ildir tanıyıram. O, mənim gözümün qabağında formalaşıb. Mən öz ifaçımı müzakirəyə çıxarıb ona aid olmayan qüsurları onun üzərinə yükləmək istəmirəm. Bu gün Dilarənin performansı, səhnə quruluşu Azərbaycan üçün o qədər də yüksək səviyyədə deyildi. Onun çıxışında qeyri-adi bir şey yox idi. Hər kəs bilir ki, Dilarənin orada göstərdiyi performansdan daha yaxşı imkanları var. O ki qaldı mahnının yaradılması, seçimi, səhnələşdirilməsinə, bunların hamısını yaradıcı heyətə sual edə bilərik. Onlara sual olunmalıdır ki, nəyə görə Dilarənin gözəl vokal imkanları ola-ola o imkanlardan istifadə edə bilmədik? Yaradıcı heyətə sual etmək lazımdı ki, nəyə görə Dilarəni bu formatda görüblər. Bundan yaxşı etmək mümkün deyildimi?”

“Mahnımız uğurlu deyildi”

Televiziya aparıcısı, bəstəkar Murad Arif müsabiqənin nəticələrinin onu tamamilə qane etdiyini, qalib olan mahnını bəyəndiyini dedi: “Mənə görə ən güclü mahnı və ən maraqlı ifaçı qalib gəldi. Proqnozlarım doğru çıxdı. Belə ki, ən güclü mahnı və ajiotaj yaradan ifaçı, “Eurovision”-ı keçirə biləcək ən real ölkə qalib gəldi. Saqqala gəlincə isə, siz nəyə təəccüblənirsiniz? “Eurovision” cinsi azlıq mədəniyyətini və homoseksuallara münasibətdə tolerant olmağı tətbiq edən müsabiqədir. O heç vaxt musiqi göstəricisi olmayıb. Burada yüksək xallar, qalibiyyət çox zaman siyasi maraqlarla mütənasibdir. Konçitanın ifa etdiyi “Rise Like a Phoenix” mahnısı öz layiqli yerini tutdu. Bu o demək deyil ki, təmsilçimiz Dilarə 22 yerə layiq idi. Əslində o da birinci yerə layiq ifaçılardan idi, “Eurovision” müsabiqəsinin ən güclü ifaçılardan biri idi, sadəcə olaraq mahnımız uğurlu deyildi”.

Murad Arifin fikrincə, insan özünü necə ifadə etmək istəyirsə, elə də olmalıdır, başqaları da onu olduğu kimi qəbul etməlidir: “Hər bir insanın zahiri görünüşü onun şəxsi işidir. Nəzərə alaq ki, Konçita Vurst Avstryanı təmsil edir və Avstryanın mentalitetinə belə şeylər zidd deyil. Düzdür, Azərbaycan səhnəsində belə adamlar görmək istəməzdim. Amma Avstriyanın təmsilçisinə səbrlə yanaşıram, bu məni qıcıqlandırmır. Hesab edirəm ki, “Eurovision” səhnəsi böyük bir sirkdir, sirkin tarixində hər zaman saqqallı qadınlar olub”. 

“Kaspi” qəzeti

OXŞAR XƏBƏRLƏR