'Eurovision'un son 5 ilinin qalibləri Bakıya toplaşır
MƏDƏNİYYƏT
14:19 10.05.2012
1834
“Eurovision ulduzları” Azərbaycanın milli musiqi alətləri ilə "Bakı Kristal Zalı"nda şou təqdim edəcək. Bu il “Eurovision” Mahnı Müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı” şouya tam hazırdır. AZXEBER.COM-un “eurovision.az” saytına istinadən verdiyi xəbərə görə, hazırda “Eurovision 2012”-nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində texniki məşqlər gedir. Mayın 13-dən isə "Bakı Kristal Zalı" şouda təmsil olunan ölkələri qəbul edəcək. Bu ərəfədə “Eurovision” Mahnı Müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır. “Eurovision” Mahnı Müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək. Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin “Eurovision” Mahnı Müsabiqəsinin qalibləri Bakıya toplaşacaq. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında “Bakı Kristal Zalı”nda çıxış edəcək. “Eurovision” Mahnı Müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaqlar. “Eurovision” ulduzları bu şouda tamaşaçılar qarşısına indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər. Mayın 18-dən etibarən “Eurovision” Mahnı Müsabiqəsinin ötən 5 ilin qalibləri Bakıya gələcək.