Evlənməmək sindromu

Evlənməmək sindromu
KÖŞƏ
02:00 20.04.2015
4521

Elçin ƏfəndiXXI əsrə qədəm qoyandan bəri ölkəni evlənə bilməmək sindromu bürüyüb. Bu məsələ günümüzdə daha da aktuallaşıb. Evlənə bilməyənlərin əllərində tutarlı detallar var ki, onları hər iki tərəf yəni, xanımlar və bəylər əllərində bayraq ediblər.

İlk olaraq xanımların tutarlı detalları ilə tanış olaq. Əksər xanım evlənə bilməməyini sırf maddi imkansızlıqla əlaqələndirir. Qarşı tərəfin imkanlı olmağını istəyir ki, günü xoş keçsin.

Digər bir qismi isə savadlı və dünyagörüşlü, bir az da romantik olan bəylərə üstünlük verir ki, bu da özləri demişkən, gənc yaşda başda görünən “ağ saç” kimidirlər.

Bunlardan fərqli olaraq, bir qismi isə sadəcə sevə bilmədiyi üçün ailə həyatı qura bilmədiyini əsas gətirir.

Müəyyən qismi isə ümumiyyətlə evlənmək haqqında hələ düşünmək istəmir. Onlar üçün əsas məsələ iş, karyera və uğur əldə etməkdir. Evlənmək planlarında ən sonuncu yerdə durur.

Az qismi isə valideynlərin fikri əsasında evlənməyi üstün tuturlar.

Gördüyümüz kimi xanımların özünəməxsus istəkləri, belə demək mümkünsə, zövqlərinə görə tələbatları vardır. Bu haqda geniş şərh verəcəm. Qayıdıram bəylərin tutarlı detallarına.

Burada da, əsasən, əksəriyyət "yaxşı qız" yoxdur şablonunu önə çıxarır. Sual verdikdə ki, bəs yaxşı qız kimə deyilir? Onların tərifini mümkünsə deyin. Az qala özlərini Pifaqor hesab edib, sübuta ehtiyacı olmayan bir teorem səsləndirilər: "Yaxşı qız oturuşunu-duruşunu bilən, açıq-saçıq geyinməyən, aqressiyadan uzaq olan, oğlanlarla dostluq etməyən, sırf ailəsini düşünən biridir". Bu teoremi dinlədikən sonra gülməmək üçün mütləq üzünü qrimləməli olursan ki, təbəssümün gizlənsin, ya da guya səbr gətirirmiş kimi söhbətə asqıraraq, özünü toparlayırsan.

Bunlardan fərqli olaraq digər bir qisminin düşüncəsinə görə qız özünə baxımlı olmalıdır. Təhsilli, dünyagörüşlü və imkanlı olmalıdır.

Bir qismi isə zənn edir ki, ümumiyyətlə ailə qurmaq üçün ən yaxşısı qohumda, el-obada olan qızlara üstünlük verilməlidir. Çünki onun və ailəsinin kimliyini tanıyırsan. Yəni bir sözlə, el sınağı, eldə bitər məsəlinə əsaslanırlar.

Az bir qismi isə düşünür ki, əgər ürək sevirsə, fərqi yoxdur qız necədir, onunla ailə qurmaq, xoşbəxt olmaq olar.

Müəyyən qismə daxil olan bəylər isə valideynlərin fikir ilə evlənəcəklərini bildirirlər.

Gördüyümüz kimi hər iki tərəfin özünəməxsus fikirləri var. Bəs görəsən bu fikir sahibləri haqlıdır, yoxsa ki haqsız? Araşdırma apararaq belə qənatə gəldim:

1. Maddi imkanı önə çəkərək evlənmək istəyən xanımlar həm ağıllı, həm də hiyləgərdirlər. Ona görə hiyləgərdilər ki, həyatlarını xoşbəxt yaşamağa üstünlük verirlər və əsasən bu xoşbəxtliyi pulda, maddi imkanda görürlər. Amma bu cür xüsusiyyət sonradan onların özlərinə də agah edir ki, əslində onlar ağılsızlıq ediblər. Necə? Məsələn: Bu kimi düşüncəyə malik xanımlar əsasən 30-35 yaşında ailə həyatı qururlar və çox şey itirirlər. Eyni zamanda gözlədikləri şahzadə ağ “Ferrari” ilə deyil, ağ uzunqulaqla gəlib çıxmış olur. O zaman başlarına vuraraq, belə bir cümlə işlədirlər: “Kaş ağlım olaydı, filankəs elçi düşəndə gedəydim”. Niyə? Çünki o filankəs dedikləri adamın sonradan xoş sorağını eşidiblər. Ya hansısa vəzifədə işləyir, ya da özünə gözəl imkan qurub, “Ferrari”si olmasa belə, ən azı uzunqulaqda deyil, “BMW”-də, “Mercedes-Benz”-də gəzir.

2. Savadlı, dünyagörüşlü, romantik oğlan axtaranlar da evlənmək üçün uzun-uzadı axtarışda olurlar, amma necə deyərlər 3-ü 1-ində olan oğlanı tapa bilmirlər. Tapanda isə yenə də gec olur.

3. Digər bir qismi isə zamanında sevib, amma sevgisi nakam olduğu üçün bir daha sevə bilmədiyini əsas gətirir və münasibət qurmaqdan qorxur, çəkinir ki, yenə də uğursuzluğa düçar olar. Belə düşünənlər adətən bir müddət sonra qapılarına üz tutan şəxslə ailə qurmağa üstünlük verirlər.

4. İş, karyera düşünən xanımlar isə daha çox məntiqi evliliyə söykənirlər. Yəni onlar zamanla özlərini işə qurban verir və hər şey əldə etikdən sonra, ailə həyatı qurmaq üçün daha çox onu sevən kişiyə üstünlükverirlər. Çünki bu cür xanımlarla evlənmək istəyən şəxslər çoxdur. Amma bu xanımlar yaş yetirib, ömür bitirdiklərindən qarşı tərəfin hasnı niyyətlə onlara yaxınlaşdığını bilirlər. Sevgiyə önəm verdikləri üçün hər təklifə razılıq vermirlər. Madiyyata deyil, sevgiyə ac olurlar. Amma o sevgini də gec əldə edirlər. Çünki belə xanımları sevib, evlənmək istəyənlər azlıq təşkil edir. Bu isə müəyyən səbələrə, daha çox da daşlaşmış başda darlaşmış düşüncəyə siraət edir.

5. Valideynlərin arzu, istək və ya təhrikləri əsasında evlənən xanımlara gəlincə isə bu zaman ailədaxili münaqişələr qaçılmaz olur. Amma əksər vaxt bu cür evliliklərdə münaqişə baş verdikdə el qınağı və ya övlad məsələsi ayrılmağa mane olur. Bu cür evliliklərin təxminən 20-25%-i münaqişə zəminində münasibətlərin ayrılmasına gətirib çıxarır. Çünki əksər vaxtlarda xanımlar ya bəyləri, ya da qayınanaları ilə yola gedə bilmirlər. Tez-tez ailədaxili münaqişələr baş verir. Bu isə qeyd etdiyim bədbəxtliklə nəticələnir. Bundan sonra isə xanımların yenidən evlənməyi uzun zaman alır. Bəzən isə ümumiyətlə ikinci evlilik həyatı baş tutmur. Bu da yixarıda qeyd etdiyim fikrə, yəni daşlaşmış başda darlaşmış düşüncəyə siraət edir.

Bütün bunlar xanımlarda evlənmə prosesini uzadan əsas faktorlardır.

Kişilərdə isə yuxarıdakı fikirlərə əsasən aşağıdakı şərhləri vermək olar:

1. “Yaxşı qız” yoxdur deyərək, öz beyinlərində canlandırdıqları xanımları axtara-axtara 30 yaşı adlayırlar. Amma yaxşı qızın dedikləri formada deyil, insanlığını və xanımlığını dərk edən biri olduğunu anlamırlar. Hər bir xanım özünə görə, ətrafına görə yaxşıdır. Onlara xüsusi tərif vermək yersizdir.

2. Təhsilli, dünyagörüşlü, imkanlı olan xanımları axtaranlar isə yanılırlar. Çünki bunların hamısının bir arada olduğu bir az absurddur. Səhrada su axtarmaq kimi bir şeydir ki, o suyu tapdıqda da yanında ilanın yatdığını görürsən. Təsadüfi hallarda istəklərinə qovuşmaq şansı var. Qısası bu cür düşüncəyə malik bəylər sadəcə vaxt itirməklə məşğuldurlar.

3. Qohum, el-obada xanım axtaranlar bir qədər haqlı olsalar da, əslində bu cür münasibətlərin fəsadlarından xəbrsizdirlər. Çünki belə ailələr qurulduqda qan qohumluğuna söykənir. Bu isə irsi xətəliklərin doğulacaq körpədə təzahür edəcəyini qaçırmır. İstisna hallarda bu mümkünsüz olur. Əksərən isə körpələr ya xəstə, ya da hansısa fiziki qüsurla dünyaya göz açır və ya sonradan qazanırlar. Bütün bunlar tibbi araşdırmalara və elmi əsaslara söykənən faktlardır.

4. Ürəyinin səsini dinləyərk ailə quranlar isə əksər hallarda xoşbəxt olan insanlardır. İstisna hallarda bunlarda boşanma halları müşahidə olunur. Bu cür evliliklər adətən 20-27 yaş arasında baş tutur.

5. Valideynlərin arzu, istək və ya təhrikləri əsasında evlənən bəylərə gəlincə isə onların 75%-inin münasibəti ayrılıqlara gətirib çıxarır. Çünki onların ya sevdiyi xanımlar olduğu üçün gec-tez heyiflərini alırlar, ya da valideynlərin istəyi ilə evləndiyi xanım onların zövqünü oxşamır. Bu da öz növbəsində bədbəxtliklə nəticələnir. Bundan sonra isə bəylərin yenidən evlənməyi uzun zaman alır. Burada xanımlardan fərqli olaraq, bəylər ikinci, hətta üçüncü evliliy yaşaya bilirlər.

Bütün bunlara əsaslanaraq, qeyd etmək olar ki, evlənmə sindromu sadalanan faktorların əsas qaynaqları, mənbələridir.

Heç kim anadan olanda özü ilə bu dünyaya nə avtomobil, nə ev, nə də pul gətirir. Bu dünyadan köçəndə də həmin şeyləri əgər əldə edibsə, özü ilə məzara aparmır. Bütün insanlara, xüsusilə də həmvətənlərimə xoşbəxtlik arzu edirəm. Quracaqları ailədə əsas iki şeyə diqqət kəsilsələr, evlilikləri xoşbəxt və daimi olar. Bunlar insanlıq və sevgidir. Çünki sevməyi bacaran, insanlığını dərk edən həyatda yalnız yaxşı işlərlə yoldaş olur, zirvələrdə dolanır.

Sonda bir el məsəlini xatırlatmaq istəyirəm: Tez yuxudan duranla, tez evlənən heç zaman uduzmur!

OXŞAR XƏBƏRLƏR