“Əvvəlcə Paşinyanın ətrafındakılar Azərbaycanla bağlı bu qərarı həzm etməlidir, sonra...”- RƏY

“Əvvəlcə Paşinyanın ətrafındakılar Azərbaycanla bağlı bu qərarı həzm etməlidir, sonra...”- RƏY
SİYASƏT
12:49 24.05.2023
296
Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sahəsi 86,6 min kvadratkilometr olan Azərbaycan ərazisinə Qarabağın da daxil olduğunu bildirib. Ermənistan hökumətinin başçısı vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi Xankəndi ilə Bakı arasında müzakirə olunmalıdır.

Nikol Paşinyanın  bəyanatının regiondakı proseslərə necə təsir edəcəyi ilə  bağlı danışan politoloq Əlimusa İbrahimov AZXEBER.COM-a açıqlamasında, Paşinyanın bu bəyanatına baxmayaraq, tezliklə sülh müqaviləsindən danışmağın mümkün olmadığını deyib:

"Ermənistan baş naziri Nikol Paşinyan nəhayət Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında bəyanatı səsləndirdi. Yadınızdadırsa Ermənistanın baş naziri 2020-ci ildən bu vaxta qədər sülh müqaviləsi ilə bağlı açıqlamalar verib. Amma hazırda konkret tədbirlərin görülməsi haqqında yekun məlumat yoxdur. Qarabağdakı erməni tör-töküntüləri və Ermənistandakı Qarabağ klanının nümayəndələri Paşinyana qarşı sözün əsil mənasında müharibə elan ediblər. Bizim Paşinyanın bəyanatının səmimi olub-olmadığını yoxlamaq imkanımız hələlik yoxdur. Bir müddət də olmayacaq. Çünki həm erməni ictimaiyyəti, həm də Paşinyanın ətrafındakılar bu qərarı həzm etməlidirlər".
 


Siyasi şərhçi Paşinyanın müəyyən dövr daxildəki müxalifətə qarşı mübarizə aparmalı olduğunu deyib:

"Bu mübarizədən Paşinyanın necə çıxacağı da məlum deyil. Buna görə də tezliklə sülh müqaviləsi haqqında danışmaq mümkün deyil. Digər tərəfdən regiona təsir mexanizmi olan digər oyunçular da Paşinyanın bu bəyanatının arxasında nəyin gizləndiyini müəyyənləşdirməlidirlər. Bütün bunlar sülh müqaviləsi barədə danışıqların vaxtının çatmadığına işarə edir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR