“Eyni şifrənin təkrar istifadəsi hesablarınızı riskə atır”- EKSPERT

“Eyni şifrənin təkrar istifadəsi hesablarınızı riskə atır”- EKSPERT
SOSİAL
15:29 12.05.2026
240
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq yaradan, həm də ciddi risklər doğuran əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdəki profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən fərqinə varmadan paylaşdığımız məkan və davranış məlumatları üçüncü şəxslərin əlinə keçdikdə müxtəlif məqsədlərlə istifadə oluna bilər. Bu məsələ təkcə məxfilik problemi deyil, eyni zamanda maliyyə təhlükəsizliyi, şəxsi nüfuz və ümumi kiber təhlükəsizlik baxımından da ciddi fəsadlara səbəb olur.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, şəxsi məlumatların ən təhlükəli istifadələrindən biri şəxsiyyət oğurluğudur:

"Cinayətkarlar müxtəlif mənbələrdən topladıqları məlumatları birləşdirərək vətəndaşın adından saxta hesablar yarada, onlayn xidmətlərdə qeydiyyatdan keçə bilərlər. Bu zaman zərərçəkmiş şəxs çox vaxt baş verənlərdən gec xəbər tutur və hüquqi problemlərlə üzləşir.

Digər mühüm risk isə maliyyə fırıldaqlarıdır. Əgər istifadəçinin bank kartı məlumatları, telefon nömrəsi və ya SMS təsdiq kodları ələ keçirilərsə, hesabdan vəsaitin çıxarılması halları baş verə bilər. Bu tip hücumlar adətən istifadəçinin aldadılması yolu ilə həyata keçirilir.

Burada sosial mühəndislik üsulları xüsusi yer tutur. Kiber cinayətkarlar əvvəlcədən topladıqları məlumatlar əsasında istifadəçiyə daha inandırıcı görünən ssenarilər qururlar. Fişinq hücumları vasitəsilə istifadəçilərə saxta sayt keçidləri göndərilir və onlar real platformaya bənzər səhifələrdə öz məlumatlarını daxil edirlər. Nəticədə həmin məlumatlar dərhal cinayətkarların əlinə keçir”.

Ekspert qeyd edib ki, sosial şəbəkə hesablarının ələ keçirilməsi də geniş yayılmış problemlərdəndir:

"Hesab ələ keçirildikdən sonra həmin profil vasitəsilə istifadəçinin dostlarına saxta mesajlar göndərilə, pul istənilə və ya zərərli keçidlər yayıla bilər. Bu isə zəncirvari şəkildə daha geniş auditoriyanın zərər görməsinə səbəb olur.

Şəxsi məlumatlardan sui-istifadənin daha təhlükəli formalarından biri isə şantaj və reputasiyanın zədələnməsidir. İstifadəçinin şəxsi şəkilləri, yazışmaları və digər həssas məlumatları əldə olunaraq ona qarşı təzyiq vasitəsinə çevrilə bilər”.

Bəhruz Əliyev bildirib ki, son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə risklər daha da artıb:

"Məsələn, istifadəçinin səsi və ya görüntüsü əsasında deepfake texnologiyası ilə saxta audio və video materiallar hazırlanaraq müxtəlif məqsədlərlə istifadə oluna bilər.

Bu məlumatlar təkcə fərdi hücumlar üçün deyil, həm də genişmiqyaslı fəaliyyətlər üçün istifadə olunur. Müxtəlif platformalardan toplanmış məlumatlar "qara bazar”da satılır, daha sonra spam, reklam və ya hədəfli hücum kampaniyalarında istifadə edilir.

Bu isə onu göstərir ki, internetdə paylaşdığımız hər bir məlumat rəqəmsal profilimizin bir hissəsinə çevrilir və həmin profil kiber cinayətkarlar üçün dəyərli resurs hesab olunur”.

Ekspert sonda vurğulayıb ki, bu cür risklərin qarşısını almaq üçün istifadəçilər internetdə daha diqqətli davranmalı, şəxsi məlumatlarını paylaşarkən ehtiyatlı olmalıdırlar.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR