Fəzail Ağamalı: “Ən maraqlısı odur ki, bu yalanın da limiti aprelin 17-də bitdi”

Bütün Xəbərlər
11:17 20.04.2011
1789

 

- Son günlər Azərbaycanın siyasi həyatında rəngarənglik yaranıb. Siz bu mənzərəni necə xarakterizə edərdiniz?
- Deməzdim ki, bu rəngarənglik özünü bütün mənalarda ifadə edir. Sadəcə olaraq, son aylar Azərbaycanın radikal müxalifəti İctimai Palatanın çətiri və ərəb əmmaməsi altında ölkədə qarmaqarışıqlıq yaradıb öz məqsədlərini həyata keçirmək istəyindədir. Bu mənada mart ayının sonlarından başlayaraq, qızışıb özünü təsdiq etməyə cəhd göstərən müxalifət aprel ayında bir neçə aksiya keçirməyə cəhd göstərdi. Bu aksiyaların heç biri baş tutmadı. Bunun ən birinci səbəbi odur ki, İctimai Palata deyilən bir qurumun və ona patronluq edən AXCP və Müsavatın sosial bazasının məhdudluğu belə aksiyanın baş tutmasına imkan vermədi. Ona görə də, həmin qurumların məhdud sayda üzvləri küçələrdə, razılşadırılmamış yerlərdə, insanların və avtomobillərin intensiv hərəkət etdiyi ərazidə bir qarışıqlıq yaratmaq, ətrafdakıların diqqətini cəlb etməklə saylarını çox göstərmək istədilər. Bununla bağlı polis əməkdaşları da mövcud qanunvericiliyə uyğun olaraq, onların qarışıqlıq yaratmaq, radikal proseslərin inkişafına rəvac verə biləcək addımlarının genişlənməsinə imkan vermədi. Baxmayaraq ki, bir müddət öncə müxalifətin Fəvvarələr Meydanında keçirmək istədiyi aksiyanın acı nəticələrini orada yaşayan insanlar və həmin ərazidə bizneslə məşğul olan şəxslər gördülər. Yəni bəzi dükan və mağazalara ziyanlar dəydi. Bir sözlə, mən burada rəngarənglik deyil, yalnız ağ və qara rənglər görürəm. O ağ-qara rənglər bütövlükdə rəngarəngliyi ifadə etmir. Yəni, qara qüvvələr vasitəsi ilə dağıdıcı enerjini özündə daşıyan, xaos yaratmağı qarşısına məqsəd qoyan bu qüvvələrin istəyini rəngarənglik deyilən anlayışla bir araya sala bilmərik. Onlar çalışdılar ki, hərəkətə keçsinlər. Xarici havadarların yardımı ilə küçələrə çıxaraq özlərini təsdiq etməyə cəhd etdilər. Lakin, bu cəhd bir ay da o tərəfə keçmədi və sabun köpüyü kimi yoxa çıxdı.

- Son günlər müxalifətin keçirdiyi mitinqlərdən danışılanda tez-tez xarici havadarlar sözü işlədilir. Belə deyəndə, konkret kimlər, hansı dairələr nəzərdə tutulur?
- Yadınıza gəlirsə, aksiya ərəfəsində, xüsusən də 2 aprel zamanı qarışıqlıq yaratdılar. Ayrı-ayrı yerlərə də, mağazalara da ziyan dəydi. Ondan sonra onların dəvəti ilə iyirmiyə qədər ölkənin diplomatik şəxsləri, səfirləri görüşə getdilər. Orada qapalı müzakirələr apardılar. Kütləvi informasiya vasitələrinə isə çox məhdud şəkildə informasiya verdilər. Harada görünüb ki, diplomatik korpus ölkə daxilində gedən proseslərə bu qədər həssaslıq göstəsin? Burdan bir sual meydana çıxır ki, xeyir ola, Amerika və Avropa ölkələrinin səfirliklərinin əməkdaşları onların dəvətinə gedirlər və bu görüş qapalı keçir. Sonradan isə mətbuata mənası bilinməyən, görüşün mahiyyətinə heç bir aydınlıq gətirməyən açıqlamalar verirlər. Deməli, burada gizli məqamlar var. Həmin görüşlərin içərisində olan qüvvələr, eyni zamanda, həmin səfirliklərin ayrı-ayrı əməkdaşlarının müxalifətlə görüşüb onlara mənəvi, heç şübhəsiz ki, maliyyə dəstəyi göstərməsi artıq bütün mənalarda özünü ifadə etməkdədir. Ona görə də, birmənalı şəkildə çıxarılan nəticə budur ki, radikal müxalifətin İctimai Palata çətiri altında keçirmiş olduğu bu aksiyalarda heç şübhəsiz ki, xarici qüvvələrin maraqları var. Ayrı-ayrı xarici dövlətlərdə fəaliyyət göstərən qüvvələr Azərbaycanda qarşıdurmanın və xaosun yaradılmasında maraqlarıdırlar.

- Bundan sonrakı proqnozu necə verərdiniz?
- Aprelin 17-də aksiyanın keçirildiyi gün apardığım müşahidələrdən və bundan da çıxardığım nəticələrdən ibarət fikir bildirəcəyəm. Həmin gün saat 15:30-dan 17:30-dək YAP-ın ofisində olmuşam. Onun 3-cü mərtəbəsinin eyvanından Sahil bağını müşahidə etmişəm. Tam məsuliyyətlə deyirəm ki, nə Sahil tərəfdən, nə Milli Park, nə Nizami Kinoteatrı və Rəşid Behbudov tərəfdən heç olmasa 10 nəfərin belə, bir yerə toplaşıb, Sahil Bağına gəldiyini müşahidə etmədim. Sahil Parkında cəmi iki nəfər hüquq müdafiəçilərini və onların ətrafında bir neçə nəfəri gördüm. Ayrı-ayrı adamlar parkda oturub istirahət edirdilər. Polislər də onların təhlükəsizliyini təmin etmək üçün həmin şəxslərə ehtiyatlı olmalarını tapşırırdı və yaxud ərazidə xoşagəlməz vəziyyət yarana bilər deyə onlardan ərazidən uzaqlaşmasını xahiş edirdi və sairə. Daha sonra saat 17:30-da Rəşid Behbudov küçəsindən Füzuli küçəsinə keçdim, oradan da Heydər Əliyev adına Sarayın önündən Nizami kinoteatrı tərəfə getdim. Hətta orada olan kafelərin birində də əyləşib çay içdim. Gördüm ki, maksimum 10-12 nəfər keçidin yanında dayanıblar. Orada qarşıdurma da yox idi. Yəni saat 17:30-dək müşahidə edib, yenidən YAP-ın qərargahına gəldim. Müşahidələrimin bir daha şahidi oldum ki, faktiki olaraq bütövlükdə İctimai Palata deyilən bir qurumun bu aksiyada iştirakçılarının sayı 150-200 nəfərdən yuxarı deyil. Bəlkə də mən bu rəqəmi çox şişirtdim. Belə bir sosial baza ilə hansı kütləvi aksiyadan söhbət gedə bilər? Deməli, onlar məhz təkidli olaraq o yerləri seçirlər ki, orada qarşıdurma yaratsınlar. Polislə çəkişmədə olub, özlərinin köynəklərini cırsınlar, yaxud polisə söyüş söysünlər ki, polis də məcbur olub onları kənarlaşdırsın. Bu görüntüləri yaratmaq, foto və videolarla ayrı-ayrı yerlərə ötürərək, onları himayə edən qüvvələrə hesabat şəkilində təqdim etmək əsas məqsəddir. İsveç jurnalistləri Xarici İşlər Nazirliyində akkreditasiya olunmadan bu tədbirdə necə gəlib iştirak edirlər? Bunların hamısı ciddi suallar doğurur. Və bu sualların da arxasında dayanan ciddi məntiq ondan ibarətdir ki, məhz Müsavat və Xalq Cəbhəsi və onlara qoşulan digər partiyalar nəticə etibarı ilə özlərini təsdiq etməklə xarici himayədarlarının məhəbbətini qazanaraq onlardan aldıqları qrantların davamlı olmasını təmin etmək istəyirlər.

- Sizin fikrinizcə, istədiklərini edə bildilərmi?
- Mənə elə gəlir ki, yox. Onlar özlərinin himayəçilərini kor-peşman etdilər.

- Deyirlər Siz eyvandan “öldür” işarəsi göstəribsiniz...
- Aşağıda jurnalistlərdən biri mənə viktoriya – qələbə işarəsi göstərirdi. Mən də barmaqla aşağı – yəni məğlubiyyət işarəsi göstərdim. Dedim ki, yox, sən göstərən deyil. Onlar bu işarəni ölüm kimi başa düşürlərsə, bu öz işləridir. İndi bütün bəşəriyyət quldarlıq dövrünü çoxdan keçib. Qladiator da, Sezar da yoxdur. O, qələbə mənasını işarə verən görüntülərini görmədim. Orada jurnalistlərdən başqa heç kim yox idi. Mən də ona görə elə göstərdim ki, siz hər zaman məğlubiyyətə məhkumsunuz.

- Hesab edirsiniz ki, bununla da məsələ bitdi?
- Hər halda bununla da bitdiyini demək olar. Mən bir şeyi başa düşmürəm. Onların himayəsində olan qəzetlər yazırlar ki, çox möhtəşəm bir mitinq oldu, hətta utanmadan, xəcalət çəkmədən minlərlə insanın Sahil Bağına tərəf yürüş etdiyini iddia edilər. Guya polislər böyük qüvvə ilə minlərlə insanın qarşısını alıblar. Bu qədər yalan danışmaq olmaz axı. Belə yalanlar heç kimə hörmət gətirmir. Siyasətçilər də, qəzetçilər də bu dərəcədə yalan danışmalı deyillər. Ayrı-ayrı qəzetlərin adlarını çəkmək istəmirəm. Orada heç yüz nəfər yox idi, harada idi min nəfər? Üçüncü mərtəbənin eyvanından imkan var idi ki, bütün ətrafı görüm. Və mən tam məsuliyyətlə deyirəm ki, onlar yalan danışır. Ən maraqlısı odur ki, bu yalanın da limiti aprelin 17-də bitdi. Və beləliklə İctimai Palatanın aksiyaları iflasa uğradı.

OXŞAR XƏBƏRLƏR