Faiq Ağayev prezident İlham Əliyevə məktub yazdı

Faiq Ağayev prezident İlham Əliyevə məktub yazdı
MƏDƏNİYYƏT
14:41 04.06.2012
3610
Xalq artisti Faiq Ağayev Prezident İlham Əliyevə məktub yazıb. 
AZXEBER.COM xəbər verir ki, F.Ağayev  Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsini yüksək təşkil etdiyi üçün Prerzidentin elektron poçtu vasitəsilə ona təşəkkürünü bildirib. 
Müğənni məktubda qeyd edib:
- Möhtərəm cənab Prezident!
Bu günlər doğma Azərbaycanımız Avropanın ən populyar və ən çox izlənilən musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyinin həyəcan və sevincini yaşadı. Bütün dünyanın, xüsusən də Avropanın nəzəri Bakıya yönəlmişdir.
Ötənilki parlaq qələbəmizdən sonra, həm gənc dövlətimizin dostları, uğurlarımız və beynəlxalq nüfuzumuzun artmasına sevinənlər, həm də bizi istəməyən bəzi dairələr bu böyük musiqi yarışmasının vətənimizdə təşkil olunmasını və ətrafında baş verən bütün prosesləri diqqətlə izləyirdilər.
Cəmi bir il ərzində Azərbaycan misli görünməmiş nailiyyətlərə imza atdı. Bakıya gələn Avropa Yayımlar Birliyinin məsulları, qonaq kimi təşrif buyuran hər bir şəxs möhtəşəm “Bakı Crystal Hall”un, ümumilikdə şəhərimizin yüksək səviyyədə hazırlığının, heyrətamiz dəqiqliklə həyata keçirilən təşkilatçılığın şahidi oldu.
“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda Milli münsiflər heyətinin üzvü olaraq, mən həm “Bakı Crystal Hall”un əzəmətinə valeh oldum, həm də şounun yüksək peşəkarlıqla təşkil olunmasından böyük fərəh və qürur hissi keçirdim. Xalq artisti, bir Azərbaycan vətəndaşı olaraq Bu sınaqdan üzü ağ, alnı açıq çıxdığımıza vüqar və iftixarla sevindim.
Müsabiqənin səhəri xarici TV və mətbuatı izləyərkən, mütləq olaraq hər bir şərhin leytmotivi – “57 illik Avroviziya müsabiqəsinin tarixində ən möhtəşəm şou Azərbaycanda baş tutdu” – fikri yaşadığım hissləri daha da artırır. 
 Heç şübhəsiz ki, bütün bunlar yalnız misilsiz səyləriniz, gərgin əməyiniz sayəsində mümkün oldu. “Eurovision-2012”nin Bakıda keçirilməsi ilə bağlı verdiyiniz qərar və təlimatlar, təşkilat komitəsinə rəhbər olaraq Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı təyin etməyiniz və bütün proseslərə şəxsən nəzarət etməyiniz bu gün qazandığımız böyük uğuru təmin etdi.
Doğma Azərbaycanımızı, hər bir soydaşımızı bu böyük qələbə ilə təbrik edir, rəhbərliyinizlə qələbələrimizin davamlı olmasını arzulayır və buna sarsılmaz əminliyimi bildirirəm”.
Əziz Prezident!
Bizə yaşatdığınız bu qürur və fəxarət hisslərinə görə Sizə və birinci xanımımıza sonsuz təşəkkürlərimi bildirirəm!
OXŞAR XƏBƏRLƏR