Fanatlar "Qarabağ"ın embleminin dəyişdirilməsini tələb edirlər

İDMAN
09:42 11.07.2011
1895
Müraciətdə deyilir:

"Məlumdur ki, Azərbaycanın ən köklü futbol klublarından olan Ağdamın "Qarabağ" klubunun əsası 1951-ci ildə qoyulmuşdur. 1966-ci il Azərbaycan SSRİ daxili birinciliyində "Məhsul" adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dondurmuş və 70-ci illərin sonunda bərpa olunaraq bu dəfə "Şəfəq" və "Kooperativ" adı daşımış və nəhayət, 1988-ci ildə "Qarabağ" adı ilə ölkə çempionatının qızıl medallarına yiyələnmişdir.

XX əsrin son illərində klub bir çox sıxıntılardan ciddi əziyyət çəkib. Bütün bunlara baxmayaraq, "Qarabağ" 2-ci dəstəyə yollanmayıb və Azərbaycan futboluna öz töhfəsini verməkdə davam edib. Biz bu gün Qarabağın adını Avropa və dünyanın digər bölgələrində eşidirik. Bir çox ölkələrdə klubumuzu tanıyır, onu ciddi rəqib kimi qəbul edir və pərəstişakarlarının sayı durmadan artır.

Klubun 60 illik tarixi olmasına baxmayaraq onun emblemində 1987-ci il yazılması Qarabağın klubunun tarixinin 36 ilini itirməyimizdir. Bu gün dünyaya biz Qarabağın qədim Azərbaycan ərazisi olduğunu isbat etməyə çalışırıq. Bizə düşmən qüvvələr Qarabağın adını və tarixini bizdən oğurlamağa çalışırlar. Belə bir zamanda klubun tarixinin cavanlaşdırılmasına nə zərurət var?

Zənnimizcə, "Qarabağ" adının bizim komandaya məhz münaqişə başlayan vaxtlardan, 1987-ci ildən yox, daha keçmişdən məxsus olduğunu göstərmək labüddür.

2001-ci ildə, ən sıxıntılı dövrümüzdə, xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, hətta bütün şərqdə, türk dünyasında ad qazanan "Azərsun" Holdinq şirkəti "Qarabağ" adına sahib çıxdı və bu adı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Qoozalın bilavasitə şəxsi köməkliyi ilə klubun maddi problemləri həll olundu. Bizim dünya futbolunun tam hüquqlu üzv olmağımızda "Azərsun"un böyük köməyi oldu. İndi də "Azərsun" rəhbərliyinə o yaraşar ki, adımızın və özümüzün tarixini tam yaşatsın və bütün dünyaya son 24 ildə deyil, son 60 ildə mövcud olduğumuzu göstərsin.

Avropaya inteqrasiya edirik və klubumuzun daha təcrübəli olmasını göstərmək istəyirik. Lakin klubun emblemində 1987-ci il yazılması bizim əl-qolumuzu bağlayır. Biz istəyirik ki, 60 illlik tariximiz olduğunu bütün dünya bilsin. Buna görə sizlərdən xahiş edirik, klubun rəsmi emblemində qeyd edilən 1987 rəqəmi 1951 rəqəmi ilə əvəz olunsun".

OXŞAR XƏBƏRLƏR