Fazil Məmmədov Avropa İttifaqına təşəkkür etdi

Fazil Məmmədov Avropa İttifaqına təşəkkür etdi
SİYASƏT
10:49 24.09.2014
950
Bu gün Bakıda Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunması həsr edilən tədbir keçirilib.AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, Tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Avropa İttifaqına, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirib.Daha sonra çıxış edən nazir müavini Sahib Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılıb ki, bunlar da ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin göstəricisidir. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə «Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası»nı qəbul edib.Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan nazir müavini bildirib ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.Tədbirdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Avropa İttifaqı tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi idarəsinin rəhbəri Noel Klaudon, layihənin rezident tvinnninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov çıxış ediblər.Tvinninq layihəsinin 2014-cü ilin sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın Vergi Administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, İnsan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Avropa İttifaqının ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR