Fərhad Məmmədov: ‘Sarkisyanın çıxışı həyasızlığın zirvəsidir’

SİYASƏT
13:30 07.10.2013
1193

“Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışı həyasızlığın zirvəsidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov S. Sarkisyanın AŞPA-dakı çıxışını şərh edərkən deyib. O bildirib ki, Ermənistanın bir tərəfdən Gömrük İttifaqına üzv olub, digər tərəfdən Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasının tərəfdarı olduğunu bəyan etməsi, avropalıları borclu çıxarması həyasızlığın zirvəsidir: “Təsəvvür edin, bir neçə il ərzində Avropa Birliyi ilə müqavilə hazırlanır, maliyyə xərclənir ki, Ermənistanın sərhədlərində gömrük məntəqələri tikilsin. Nəticədə isə avropalıların pulu ilə tikilən gömrük məntəqələrindən Gömrük İttifaqı istifadə edəcək. Bütün bunlar onu göstərir ki, Ermənistan proqnozlaşdırılmayan bir dövlətdir, onun xarici siyasəti kimi”.

Azərbaycanda keçiriləcək prezident seçkilərinin Dağlıq Qarabağ üzrə danışıqlara mümkün təsirindən danışan F. Məmmədov hesab edir ki, keçiriləcək seçkilər danışıqlara müəyyən dərəcədə təsir edib. Onun sözlərinə görə, seçkilərdən sonra bu prosesin fəallaşması gözlənilir: “Burda ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tərəflərə təklif edəcəyi yol və yaxud artıq razılaşdırılmış bəzi müddəaların yenidən gündəmə gətirilməsi və müzakirələrin başlanmasından, ölkə rəhbərlərinin görüşlərindən söhbət gedə bilər. Çünki hazırlıq görüşləri kifayət qədər keçirilib və bu istiqamətdə həmsədr ölkələrin işğalçı dövlətin rəhbərinin daha konstruktiv mövqe tutmasında nə qədər maraqlı olub-olmadığını biz yaxın aylarda görəcəyik. Təəssüf ki, indi həmsədr ölkələr də kifayət qədər fəal deyillər, beynəlxalq hüquqda olan məsələləri kənara qoyub, işğalçı dövlətin nazı ilə oynayırlar. Bu da prosesin gecikməsinə və fasilənin daha da uzanmasına gətirib çıxarır”.

OXŞAR XƏBƏRLƏR