"İlham Əliyevin seçkilərdə qazandığı böyük uğur həm də Azərbaycan gəncliyinin qələbəsidir"
"Azərbaycanda olduqca şəffaf və demokratik, beynəlxalq qanunvericiliyin tələblərinə uyğun seçkilər keçirilib. Azərbaycan xalqı böyük həvəslə seçki məntəqələrinə gedərək öz namizədinə olan yüksək dəstəyini ifadə edib. Ölkəmizdə keçirilən Prezident seçkiləri birmənalı şəkildə Azərbaycan xalqının siyasi iradəsini ifadə edir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda keçirilən Prezident seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qazandığı böyük qələbə gözlənilən idi və öncədən keçirilən bütün yerli və beynəlxalq sorğular bunu anons edirdi: "Cənab Prezidentin qələbəsi onun hakimiyyətdə olduğu son on ildə formalaşan strateji əsaslara-məqsədyönlü daxili və xarici siyasətə, xalqa yönəlik çoxsaylı proqramlara, nəhəng beynəlxalq layihələrə söykənir. Bu mənada heç şübhəsiz ki, ölkəsinin tərəqqisini, vətəndaş olaraq özünün inkişafını və rifahını arzulayan hər bir kəs bu prosesin davamlı olması üçün səsini İlham Əliyevə verdi. Cənab Prezidentin bütün digər rəqiblərini böyük fərqlə üstələməsi onun Azərbaycanda reallaşdırdığı siyasətin xalq tərəfindən dəstəkləndiyinin məntiqi yekunudur".
Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan xalqının siyasi iradəsinə hesablanan seçkilərdə Prezident İlham Əliyevin qazandığı uğur bütün xalqın, o cümlədən ölkə gəncliyinin qələbəsidir: "Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də Azərbaycan gəncliyinin namizədi İlham Əliyev idi. Onun qazandığı bu möhtəşəm uğur ölkə gəncliyi tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb".
"İslahatçı Gənclər" İctimai Birliyin sədri seçkilərin nəticələri bağlı ATƏT DTİHB-nin yaydığı açıqlamaya da münasibət bildirib: "Azərbaycanda keçirilən seçkilərin beynəlxalq seçki qanunvericiliyinə uyğun şəkildə yüksək səviyyədə baş tutması nüfuzlu beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənib. ATƏT-in ayrı-ayrı təşkilatları isə bir-birini təkzib edən açıqlamalar verməklə bu qurumun adı ətrafında qeyri-ciddi rəy formalaşdırıblar. Seçkilərin gedişi zamanı və ondan sonrakı gün ATƏT təmsilçiləri prosesin şəffaf və demokratik şəkildə reallaşdığını qeyd etdilər. Sonradan ATƏT DTİHB olduqca qərəzli və əsassız mülahizələrə əsaslanan bəyanatla çıxış etdi və bu çox şübhəlidir. Nəzərə almaq lazımdır ki, ATƏT sədri Leonid Kojara artıq Azərbaycanı demokratik seçkilərin keçirilməsi münasibətilə təbrik edib.
Ümümilikdə götürdükdə isə, Azərbaycanda hakimiyyəti xalq formalaşdırır və Azərbaycan iqtidarı yalnız xalqımız qarşısında hesabatlıdır. Bu mənada bu qəbildən olan beynəlxalq qurumların qərəzli və sifarişli bəyanatları xalqımız və dövlətimiz üçün əsas sayıla bilməz".