Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda 24 sentyabrda Mətbuat Şurasının 8-ci qurultayının keçirilməsi qərara alınıb.
AZXEBER.COM xəbər verir ki, tanınmış jurnalist, Editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı qurultaydan gözləntiləri haqda danışıb.
O bildirib ki, Mətbuat Şurasının İdarə Heyətində gənc jurnalistlər də təmsil olunmalıdır:
"Mətbuat Şurasındakı dəyərli dostlarımızdan xahiş və təklif edirik ki, qurultayda Şuranın idarəetmə orqanlarına gənc jurnalistlərin, gənc media kapitanlarının seçilməsi məsələsi gündəmə gətirilsin. Düşünürəm ki, bu gənc jurnalistlər qədər, Mətbuat Şurası üçün də əhəmiyyətlidir. Bu şuranın fəaliyyətini daha mobil, innovativ və kütləvi etməyə kömək edəcək".
Baş redaktor deyib ki, beynəlxalq əlaqələri olan gənc media nümayəndələrinə inam göstərilməlidir:
"Bu gün ölkəmizdə fəaliyyətini yalnız ölkə daxilində deyil, beynəlxalq KİV-lərdə də uğurla həyata keçirə bilən gənc media nümayəndələrimiz var.
Onların istedadından və imkanlarından istifadə yalnız ümümi işin xeyrinə ola bilər".











































