Türkiyənin nüfuzlu qəzeti Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin nüfuzlu "İhlas" Media Qrupuna aid çoxtirajlı gündəlik "Türkiyə" qəzeti Azərbaycanda 11 Apreldə keçiriləcək Prezident seçkiləri ilə bağlı "Azərbaycan seçkiyə gedir" sərlövhəli məqalə dərc edib.
Məqalədə Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühitinin, ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradənin mövcud olduğuna diqqət çəkilib.
Qeyd olunub ki, həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər.
Qəzet yazıb ki, Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var və vətəndaşlar seçkilər günü bütün aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.
"Türkiyə" qəzeti məqalədə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə yer verib. Gənclər təşkilatının sədri Azərbaycanın bölgənin lider dövləti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir: "Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əvəzsiz rolu danılmaz bir reallıqdır. Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, olduqca vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir".
F.Şahbazlı qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, müstəqil xarici siyasəti, beynəlxalq səviyyəli layihələrə ev sahibliyi etməsi, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinspial mövqeyi ölkəmizi sevməyən dairələri narahat edib: "Bu məqsədlə bəzi dairələr Azərbaycandakı seçkiləri qaralamağa yönəlik uğursuz kampaniya aparırlar. Lakin, aparılan bütün yerli və beynəlxalq sorğular sübut edir ki, Prezident seçkilərinin qalibi Azərbaycan gəncliyinin lideri Cənab İlham Əliyev olacaq".