Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"

Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
SOSİAL
23:07 15.03.2026
205
"Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə fikir mübadiləsinin aparıldığı, qlobal problemlərin müzakirə olunduğu və ortaq yanaşmaların formalaşdırıldığı mühüm platformalardan birinə çevrilib. Bu forum təkcə beynəlxalq dialoq üçün meydan deyil, eyni zamanda dəyişən dünya nizamında əməkdaşlıq imkanlarının müzakirə edildiyi strateji məkan kimi diqqət çəkir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri siyasi şərhçi, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, son illərdə forumun gündəliyinə daxil edilən mövzular onun beynəlxalq əhəmiyyətini daha da artırıb. Onun sözlərinə görə, Qlobal Bakı Forumu artıq regional məsələlərdən kənara çıxaraq qlobal təhlükəsizlik, siyasi sabitlik və beynəlxalq əməkdaşlıq kimi fundamental mövzuların müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.

"XIII Qlobal Bakı Forumunun keçirilməsi bir daha göstərdi ki, dünya siyasətində ciddi transformasiya prosesləri gedir və ənənəvi təhlükəsizlik mexanizmləri əvvəlki effektivliyini qismən itirib. Belə bir dövrdə dövlətlər arasında dialoq və qarşılıqlı etimadın gücləndirilməsi üçün yeni platformalara ehtiyac yaranır. Qlobal Bakı Forumu da məhz bu ehtiyacdan irəli gələrək müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və qərar qəbul edən şəxsləri bir araya gətirən mühüm müzakirə məkanına çevrilib”, – deyə siyasi şərhçi bildirib.

Fərid Şahbazlı vurğulayıb ki, forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində prioritet hesab olunan məsələlərə diqqət çəkib.

"Dövlət başçısı xüsusilə təhlükəsizlik və sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu vurğuladı. Müasir geosiyasi reallıqlar fonunda bu yanaşma olduqca aktualdır. Çünki münaqişələrin artdığı və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin gücləndiyi bir dövrdə sabitlik və təhlükəsizlik məsələləri bütün digər sahələrin inkişafı üçün baza rolunu oynayır”, – deyə o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, forum çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi strateji məsələlər də xüsusi diqqət mərkəzində olub.

"Azərbaycanın həyata keçirdiyi enerji və logistika layihələri regionlar arasında iqtisadi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu layihələr ölkəmizin beynəlxalq iqtisadi və siyasi sistemdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə də mühüm töhfə verir”, – deyə Fərid Şahbazlı bildirib.

O əlavə edib ki, müasir dövrdə geosiyasi balansın dəyişməsi və beynəlxalq münasibətlər sistemində rəqabətin artması qlobal səviyyədə daha geniş dialoq platformalarına ehtiyac yaradır.

"Qlobal Bakı Forumu bu baxımdan fərqli siyasi mövqelərə malik tərəflərin eyni platformada müzakirə aparmasına imkan verən mühüm dialoq məkanıdır. Azərbaycanın belə bir beynəlxalq dialoq platformasına ev sahibliyi etməsi isə ölkənin regional və qlobal siyasətdə artan rolunun göstəricisidir”, – deyə siyasi şərhçi fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR