FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR

FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
SİYASƏT
20:32 26.02.2026
436
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Nazirlikdən AZXEBER.COM verilən məlumata görə, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı və Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Xocalı soyqırımı qurbanlarının, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə erməni-daşnak qruplaşmalarının Cənubi Qafqazda reallaşdırdıqları terrorçuluq və etnik təmizləmə planlarınıdan bəhs olunub, imperialist qüvvələrin təhriki ilə həyata keçirdikləri soyqırımı aktlarının tarixinə qısa eksurs edilib. Bildirilib ki, terrorçu erməni-daşnak təşkilatı hələ ötən əsrin əvvəllərindən azərbaycanlılara qarşı dəfələrlə qətliam həyata keçirib və xalqımıza qarşı növbəti soyqrımı cinayətini 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayından dəstək alan erməni silahlı dəstələri bütün humanist dəyərləri və beynəlxalq hüquq normalarını pozaraq, dinc əhaliyə hücum edərək bəşər tarixinin ən qanlı soyqırımılarından birini həyata keçiriblər. Terrorçu qruplaşmaların həyata keçirdikləri dəhşətli kütləvi qırğın nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib.

Tədbirlərdə çıxış edən natiqlər vurğulayıblar ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 24 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, beynəlxalq ictimaiyyətə müraciət edərək bu qətliamın həqiqi mahiyyətini açıqlayıb, dünya birliyini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Qeyd olunub ki, Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır. Həmçinin, Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində Xocalı faciəsinin yaraları sarınır, erməni işğalından azad olunmuş digər ərazilərimiz kimi, Xocalı şəhəri də bərpa olunur, sakinlər öz dədə-baba yurdlarına qayıdırlar.

Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan və uğurla davam etdirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən də danışılıb.

Tədbirlərdə Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR