Saatlıda FHN kapitanı bir nəfəri işə düzəltmək adı ilə aldadıb. Ondan 10 min manat pul alıb, amma geri qaytarmayıb.
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, dələduzluqda ittiham edilən İlkin adlı şəxs Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Saatlı rayon Yanğından Mühafizə xidmətində kapitan rütbəsində çalışıb.
İlkin zərərçəkmiş kimi tanınan Qisməti FHN-in DYMX-nin Saatlı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəldəcəyini deyib. Bunun üçün ondan 10 min manat pul alıb.
İlkinlə Qisməti Saatlı bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Aqil adlı şəxs tanış edib. Qismətlə Aqil qohum olublar. İlkin 5500 manatı Saatlı bələdiyyəsində Aqilin otağında alıb. 4500 manatı isə bələdiyyənin həyətində qəbul edib.
İşin 5-6 ay ərzində düzələcəyini deyən İlkin 1 il keçməsinə baxmayaraq, heç nə etməyib. Zərərçəkmişə müxtəlif bəhanələr deyərək vaxt qazanıb. Zərərçəkmiş ondan şikayət etdikdən sonra İlkin işdən də çıxarılıb.
İlkin ifadəsində deyib ki, ailə üzvlərinin xəstəliyinə görə pula ehtiyacı olub. Buna görə də belə bir əmələ əl atıb. O, peşman olduğunu, zərərçəkmişlə razılığa gəldiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi dələduzluqda təqsirli bilib. Zərərçəkmiş şəxslə barışıq da nəzərə alınaraq İlkin barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.