Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə iclası keçirildi

Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə iclası keçirildi
SOSİAL
17:29 02.08.2017
1047
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən E. Nehmədov özünü təqsirli bilməyib.

P. Hüseynov özünü qismən təqsirli bildiyini, R. Məmmədov isə təqsirli bilmədiyini deyib.

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.
 
///APA
OXŞAR XƏBƏRLƏR