“Filo Jet” faciəsində yeni detallar: gəminin batmasına səbəb nə olub?- Rəsmi açıqlama

“Filo Jet” faciəsində yeni detallar: gəminin batmasına səbəb nə olub?- Rəsmi açıqlama
SOSİAL
13:19 25.09.2026
143
"Şimali Kiprin Girnə sahillərində avqustun 30-da baş vermiş "Filo Jet” gəmi faciəsi ilə bağlı məhkəmə və istintaq prosesi davam edir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

O bildirib ki, faciə zamanı gəminin heyətində Azərbaycan Respublikasının üç vətəndaşı olub:

"Faciə zamanı gəminin heyətində Azərbaycan Respublikasının üç vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov olub. Onların gəmidə müvafiq olaraq matros, yağlayıcı və köməkçi heyət vəzifələrində çalışdıqları bildirilir. Hadisə ilə bağlı saxlanılan 9 şəxsin məhkəmə prosesi davam edir. Sentyabrın 25-də keçirilən iclasda onların daha 7 gün müddətinə polis nəzarətində saxlanılmasına qərar verilib. Məhkəmədə polis tərəfindən verilən məlumata görə, istintaq çərçivəsində indiyədək 320-dən artıq şəxsin ifadəsi alınıb. Araşdırmada gəminin texniki vəziyyəti, xüsusilə baş bodoslama hissəsində iyunun 17-də baş verdiyi bildirilən zədələnmə və sonrakı təmir işləri diqqət mərkəzindədir. 
Həmin zədənin və təmirin gəminin batmasına təsirinin olub-olmaması araşdırılır. Həmçinin təmir barədə aidiyyəti qurumlara məlumat verilib-verilmədiyi və təmirdən sonra gəminin neçə dəfə səfərə çıxdığı müəyyənləşdirilir”.

Fəlakət nəticəsində 239 nəfərin xilas edildiyi, 15 nəfərin meyitinin aşkarlandığı, 13 nəfərin isə itkin olduğu bildirilir. Hazırda sualtı axtarışlar davam etdirilir. "Optimus Prime” gəminin qara qutusu və VDR qeyd cihazının tapılması istiqamətində iş aparır. İstintaq çərçivəsində sahilə çıxan 17 gəmi detalının ekspertizaya göndərilməsi, həmçinin Türkiyədə, o cümlədən Adanadakı gəmi təmiri müəssisəsində araşdırma aparılması planlaşdırılır. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin bütün səbəb və hallarının hərtərəfli və obyektiv araşdırılmasını, həmçinin Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun hüquqlarının qorunmasını diqqətdə saxlayır. Saxlanılan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən edilməyib”,-deyə Orxan Həsənoğlu vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR