Fira Cəlilovanın bağına basqın edildi, 10-a yaxın naməlum şəxs… - ANBAAN VİDEO

Fira Cəlilovanın bağına basqın edildi, 10-a yaxın naməlum şəxs… - ANBAAN VİDEO
SOSİAL
02:23 27.11.2026
272
Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində oğurluq hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Beş avtomobillə həyətə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər hasarı aşaraq əraziyə daxil olublar. Onların avtomobillərdən əllərində soyuq silahlarla düşdükləri, həyətdəki itləri zərərsizləşdirdikləri və daha sonra evə girdikləri bildirilir.

Fira Cəlilova (Firuzə İskəndərova) hadisənin təfərrüatlarını paylaşımında belə açıqlayıb:

"Beş avtomobillə həyətimə gələn, təxminən 15 nəfər hasarı aşaraq içəri daxil olub. Avtomobillərdən əllərində soyuq silahlarla düşərək həyətdəki itləri zərərsizləşdiriblər və evə giriblər. Həmin vaxt evdə olan 63 yaşlı anamın və 12 yaşlı övladımın mobil telefonlarını, yataq otağında güzgünün qarşısında saxlanılan anamın təxminən 20 min manat dəyərində qədim boyunbağısını və 10 min manat dəyərində bir cüt brilyant sırğasını götürüblər. Bununla yanaşı, həyətdə yerləşən müşahidə kameralarının avadanlıqlarını və domofon sisteminin qurğularını da özləri ilə aparıblar”.

F.Cəlilova hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, şəxslərin və avtomobillərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edib.

O, paylaşımını "Öz evimizdə qorxu ilə yaşamaq istəmirik!” sözləri ilə yekunlaşdırıb.

Fəridə Əsədzadə
 

OXŞAR XƏBƏRLƏR