Ramazan ayının sonunda fitrə vermək, İslam dinində zəkatın bir növüdür. Fitrə zəkatı, oruc tutanların özlərini və ailələrini qidalandıra bilməyənlərə kömək etmək məqsədilə verilən bir yardımdır. Hər bir müəlman üçün vacib olan əməllərdən sayılan fitrə, Ramazan ayının sonunda, bayram namazından əvvəl verilir.
AZXEBER.COM xəbər verir ki, hər bir müsəlmanın bayram gecəsi gün batmazdan əvvəl ailəsinin və onun qazancından istifadə edənlərin (o vaxt evinə gələn qonağın və ya evində işləyən xidmətçinin) fitrə zəkatını ehtiyacı olan müsəlmana, yəni fəqirə verməsi vacibdir.
Fitrə zəkatı insanın ilboyu ən çox istifadə etdiyi ərzaq məhsullarının üç kiloqramından çıxardılır. Bunlar arpa, buğda, düyü, xurma, kişmiş və qarğıdalıdan ibarətdir. Sadalanan bu ərzaqların həm də pulunu fitrə zəkatı kimi vermək olar.
Arzu edən şəxs, daha çox məbləğdə fitrə zəkatı ödəyə bilər. Yəni, adambaşı 5 manat, 10 manat, 20 manat, daha çox da götürə bilər – bunun hansısa məhdudiyyəti yoxdur.
Üzrlü səbəbdən Ramazan ayının orucunu tutmayan şəxs, hər gün üçün 1 manat hüdüdunda fidyə ünvanında fəqirə verə bilər.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı 1 martda başlayıb. İlk qədir gecəsi (Ləylət əl-qədr, Əhya, Qədr) 18 marta, digərləri isə - 20, 22 və 26 marta təsadüf edir.Fitr (Ramazan) bayramı bu il 30 və 31 martda qeyd olunacaq.
Aysel Hacızadə