Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
AZXEBER.COM xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Flora Kərimova paylaşdığı məktubda müalicəsinin şəxsi nəzarətdə saxlanılmasının onu son dərəcə duyğulandırdığını bildirib:
"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram".
Qeyd edək ki, Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. 84 yaşlı Xalq artistinin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.












































