"Foqts həmişə Vaqifə xoşagəlməz sözlər deyir, onu təhqir edirdi"

İDMAN
10:30 12.10.2011
1799
"Avstriya ilə oyunda millidə heç bir dəyişiklik hiss olunmurdu. Normal oyun oldu, amma hesab belə deməyə əsas vermir".Bu sözləri bir müddətdir millinin baş məşqçisi Berti Foqtsun qara siyahısına düşən Maksim Medvedev əmakdaçımızla söhbətində bildirib. Maksik daha sonra Avstriya ilə görüş barədə bunları söyləyib: "Oyunda boşluqlar çox oldu. Müsbət mənada heç bir dəyişiklik nəzərə çarpmadı. Məğlubiyyəti Saşanın üzərinə də atmaq olmaz. Nə bilmək olur, bəlkə o meydanda qalsa daha böyük hesabla uduzacaqdıq?! Komandalar var 9-10 nəfərlə qələbə qazanır. Yəqin qismət beləymiş. Foqts məğlubiyyəti Saşanın üzərinə atsa da, mən belə düşünmürəm. Düzdü, onun da günahı var. Komandanı azlıqda qoymamalıydı. Səhv etdi, bunu düzəltməyə çalışsa da, daha pisini etdi".Maksim bu gün Türkiyə ilə keçiriləcək oyuna da toxundu: "Bir yerdə oynadığım uşaqlardı, inanıram ki, onlar yaxşı nəticə qazanmaq üçün vuruşacaqlar. Bizi öz oyunumuzdan başqa heç nə maraqlandırmamalıdır".Sonda Maksimdən Vaqif Cavadovun millinin düşərgəsini tərk etməsi barədə də soruşduq. Axı Vaqifin ən yaxın futbolçu dostu Maksim Medvedevdir: "Nə bilim, bəlkə də, Foqtsa görə belə edib. Vaqif heç vaxt millidən imtina etməz. Onun hələ çoxdan idi Foqtsla arası yox idi. Foqts həmişə Vaqifə xoşagəlməz sözlər deyir, onu təhqir edirdi. Məşqdə də, oyunda da, oyundan sonra da. Həmişə Vaqifin üstünə düşürdü. Yəqin ki, Vaqif də bunlardan artıq bezib. Vaqif elə insan deyil ki, boş yerə belə hərəkət etsin. Mütləq onu buna vadar edən səbəb olub".   

OXŞAR XƏBƏRLƏR