Fransa - Ermənistan birliyi nə vəd edir? - "Şuşa bəyannaməsi" unudulmamalıdır

Fransa - Ermənistan birliyi nə vəd edir? - "Şuşa bəyannaməsi" unudulmamalıdır
SİYASƏT
15:50 18.10.2022
1113
Ötən gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhədə yeni qoşun yığması ilə bağlı açıqlama yayıb. 

Belə olan halda, düşmənin məqsədi nədir? Əgər yeni müharibə təhlükəsi varsa, bu, Ermənistana nə vəd edir?

Siyasi şərhçi, politoloq, "Xalq Cəhbəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı AZXEBER.COM-a danışıb.
 
O, Ermənistanın bu addımları atmasının əsas səbəbini Avropa İttifaqının 400 nəfərlik müşahidə missiyasını Yerevana göndərməsində görür:

"Avropa İttifaqının Ermənistana, rəsmi Yerevanın iddiasına görə, 400 nəfərdən ibarət müşahidə missiyası göndərməsi Ermənistanı növbəti təxribatlara ruhlandırıb. Azərbaycanla sərhəd bölgəsində, xüsusən də, Daşkəsən rayonu istiqamətində Ermənistan qoşunlarının toplanmasının müşahidə edilməsi də qənaətimə görə, bu aspektdən qaynaqlanır. Yəni, Ermənistan mövcud vəziyyətdən istifadə edərək sərhəddə təxribat törətməklə bunun məsuliyyətini Azərbaycanın üzərinə yükləməyə çalışır və nəzərə alsaq ki, müşahidəçilər üçün Ermənistan ərazisində yerləşdirilməsində əsas təşəbbüskar və konkret tərəf Ermənistanın himayəçisi Fransadır, o zaman rəsmi Parislə Yerevanın bu təxribatı birgə hazırladıqlarını düşünmək olar".

Politoloq qeyd edib ki, Ermənistanın bu cür addım atması bütövlükdə bölgədə sabitlik və təhlükəsizliyi ciddi risk altına salır:

"Mövcud şəraitdə bütövlükdə bölgədə sabitlik və təhlükəsizlik kifayət qədər ciddi risk altına düşür. Belə olduğu təqdirdə yaranmış vəziyyətə bölgə dövlətləri konkret münasibət bildirməli və kifayət qədər sərt bir mövqe ortaya qoymalıdırlar. Söhbət burada sıradan bir bəyanatlardan və yaxud Fransaya ünvanlanmış dolayı yolla verilən mesajlardan getmir, söhbət konkret olan addımlardan gedir.

Siyasi şərhçi əlavə edib ki, regionda Azərbaycana qarşı hər hansı müdaxilə olarsa, Ermənistana qarşı ən sərt tədbirlər həyata keçiriləcək:

"Bölgədən kənar qüvvələr açıq şəkildə bilməlidirlər ki, əgər regiona hər hansı bir formada müdaxilə olacaqsa, bu müdaxilə prosesində Ermənistanın təcavüzkar mövqeyindən istifadə olunacaqsa, o zaman Ermənistana qarşı ən sərt tədbirlər həyata keçiriləcək.
 


Digər tərəfdən, şübhəsiz, istənilən formada təhlükə yaranacağı təqdirdə Azərbaycan konkret müttəfiqlik münasibətlərinin olduğu ölkələrə, ilk növbədə Türkiyəyə müraciət etməlidir. "Şuşa Bəyannaməsi" Azərbaycanla Türkiyənin birgə fəaliyyətini və o cümlədən, hərbi təhdidlərin qarşısının alınmasını zəruri edir və buna imkan yaradır. Bu aspektdən düşünürəm ki, indiki şəraitdə Ermənistanın həyata keçirdiyi bütün bu siyasət mahiyyət etibarilə bölgəyə kənar güclərin daxil olmasına daha geniş imkan yaratmağa xidmət edir".

Şərhçi bildirib ki, 400 nəfərlik missiya hələ başlanğıcdır və bunun davamı da ola bilər:

"400 nəfərlik missiya başlanğıcdır. Əgər region dövlətləri sükuta qərq olub, öz fəaliyyətlərini indiki kontekstdən davam etdirəcəklərsə, o zaman bölgəyə daha geniş miqyaslı kontingentin daxil olmasının şahidi olacağıq".

Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycana qarşı savaş açmaq istəyən qüvvələr nəinki orduyla, həm də xalqla, millətlə savaşmalı olacaqlar:

"Azərbaycana gəldikdə isə, Azərbaycan istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Paralel olaraq, bunu heç kim unutmalı deyil ki, bu prosesdə Azərbaycan xalqı və dövləti, həmçinin ordusu vahid bir mövqedən çıxış edir və bizə qarşı savaş açmaq niyyətində olan bütün qüvvələr unutmamalıdırlar ki, onlar bütövlükdə xalqla savaşacaqlar. Yəni söhbət xalq və ordudan gedir. İndiki şəraitdə bizim sərgilədiyimiz mövqe regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edir. Nə qədər ki, Ermənistanın buna şansı var, bu sülh prosesinin real müstəviyə qədəm qoyması istiqamətində konkret addımlar atmalıdır".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR