Fransa səfiri Azərbaycan xalqına təşəkkür etdi

SİYASƏT
16:32 14.11.2015
1621

"Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

Bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

A.Buşez bildirib ki, Fransa prezidenti Fransua Olland tərəfindən ölkədə 3 günlük matəm elan olunub: “Azərbaycan prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və prezidentinə başsağlığı məktubu göndərib, Fransa xalqının acısını paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir”.

Səfir qeyd edib ki, Fransa prezidenti hadisə ilə bağlı bu gün iki dəfə çıxış edib: “Fransua Olland çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək. Bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa prezidenti qeyd etdi ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir”.

Fransa səfirliyinin mətbuat xidmətinin rəhbəri Mina Qaziyeva isə bildirib ki, noyabrın 16-da səfirlikdə xatirə dəftəri açılacaq.

OXŞAR XƏBƏRLƏR