Fransada Milli Musiqi Festivalı (Fête de la Musique) və digər kütləvi tədbirlər zamanı spirtli içkilərin qəbuluna qadağa qoyulub. Buna səbəb ölkədə temperatur rekordlarını qıran anomal isti hava şəraitinin hökm sürməsidir.
AZXEBER.COM xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Baş nazir Sebastyan Lekornunun dəftərxanası küçələrdə keçirilən bütün rəsmi kütləvi tədbirlərə aid xüsusi sərəncam imzalayıb.
Sərəncama əsasən, ictimai yerlərdə spirtli içki qəbulu qadağan edilib.
"Dövlət və onun qurumları tərəfindən təşkil edilən bütün tədbirlərdə spirtli içki təklif olunmaması barədə göstəriş verilib", - Hökumətdən verilən açıqlamada bildirilib.
Adətən küçələrə milyonlarla insanı cəlb edən ənənəvi "Fête de la Musique" festivalı da bu "quru qanun"un təsir dairəsinə düşüb.
Ötən il təkcə Parisdə bu bayramı qeyd etmək üçün təxminən iki milyon insan küçələrə axışıb. Lakin bu il təşkilatçıların planlarını kəskin isti hava şəraiti alt-üst edib və hökumət ölkənin 35 departamentində ən yüksək - "qırmızı" həyəcan səviyyəsi elan edib.
Meteoroloqların proqnozları isə ürəkaçan deyil. Bu gün, yəni bazar günü, ölkənin cənub-qərbindən Burqundiyaya qədər olan bölgələrdə temperaturun 40 dərəcəyə, bəzi rayonlarda isə hətta 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Rəsmilər bu addımla xəstəxanaların və xilasetmə xidmətlərinin iş yükünü azaltmağı hədəfləyirlər. Spirtli içkilərin satışının və istehlakının məhdudlaşdırılması tibb işçilərinə diqqətlərini daha çox risk qrupuna daxil olan həssas əhali təbəqəsinə yönəltməyə imkan verəcək.
İsti hava dalğası artıq ölkənin bir hissəsində həyatı iflic edib. Relslərin deformasiyaya uğraması təhlükəsi səbəbindən onlarla qatar səfəri təxirə salınıb, bir çox təhsil müəssisələrində dərslər dayandırılıb, kommunal xidmətlər üçün xüsusi iş rejimi tətbiq olunub.
Ən ağır və mürəkkəb vəziyyətin bazar ertəsi günü yaranacağı gözlənilir. Bu səbəbdən Paris meriyası təxirəsalınmaz fövqəladə tədbirlər görüb. Paytaxtın park və bağları gün ərzində (24 saat) açıq olacaq ki, bu da turistlərə və şəhər sakinlərinə gecə saatlarında sərinləmək imkanı yaradacaq. Rəsmilər insanları birbaşa günəş şüalarından qorunmağa və daha çox su içməyə çağırır.
Yaxın günlərdə Qərbi Avropa ölkələrində temperaturun kəskin yüksələcəyi, bəzi yerlərdə havanın temperaturunun hətta 45 dərəyə çatacağı gözlənilir.
Ümumilikdə, 2026-cı ilin yay mövsümünün Avropada təkcə anomal istilərlə deyil, həm də leysan yağışları və su resursları ilə bağlı problemlərlə müşayiət olunacağı ehtimal edilir. Mütəxəssislər builki mövsümdə kəskin hava təzadlarının daha da güclənəcəyi barədə xəbərdarlıq ediblər.
\\müsavat.com









































