Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü

Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
DÜNYA
15:08 27.07.2026
193
Fransanın cənub-qərbində davam edən meşə yanğınları səbəbindən dörd vilayətdə havanın keyfiyyətinin həyəcan səviyyəsinə düşdüyü açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Gironde, Landes, Dordogne və Lot-et-Garonne vilayətlərində hava keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşib.

ARS-in baş direktor müavini Sesil Tagliana bu ərazilərdə havadakı incə toz hissəciklərinin miqdarında ciddi artım olduğunu bildirib. O, sakinləri yaranan sağlamlıq risklərinə qarşı diqqətli olmağa çağırıb.

Nouvelle-Aquitaine hava keyfiyyətinin monitorinqi qurumu "Atmo” isə bölgənin müxtəlif ərazilərində davam edən yanğınların və meteoroloji şəraitin toz hissəciklərinin yayılmasını asanlaşdırdığını açıqlayıb.

Səlahiyyətlilər bölgəni bürüyən tüstüdən qorunmaq üçün maskalardan istifadə etməyi tövsiyə edib. Hökumət isə Fransanın cənub-qərbində 2,5 milyon maskanın, xüsusilə sağlamlıq baxımından ehtiyacı olan şəxslərə üstünlük verilməklə paylanacağını açıqlayıb.

Yanğınlar səbəbindən sıx tüstü altında qalan, lakin təxliyə edilməyən yaşayış məntəqələrinin sakinlərinə zərurət olmadıqca çölə çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Qeyd edək ki, tarixinin ən böyük yanğın mövsümlərindən birini yaşayan Fransada ilin əvvəlindən indiyədək 98 min hektardan çox ərazi yanıb. Gironde, Landes və Var vilayətlərində günlərdir davam edən yanğınlar hələ də nəzarət altına alınmayıb.
 
Gülay

OXŞAR XƏBƏRLƏR