Fransada meşə yanğınları böyüyür: 1900 hektardan çox ərazi kül oldu

Fransada meşə yanğınları böyüyür: 1900 hektardan çox ərazi kül oldu
DÜNYA
13:01 14.07.2026
373
Fransanın paytaxtı Parisdən təxminən 60 kilometr aralıda yerləşən Fontainebleau meşəsində iyulun 12-də başlayan yanğın hələ də nəzarət altına alınmayıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Seine-et-Marne bölgəsində baş verən yanğının söndürülməsinə 850-yə yaxın yanğınsöndürən cəlb olunub.

Seine-et-Marne Yanğın Xidmətinin məlumatına görə, indiyədək 1900 hektardan çox meşə sahəsi yanaraq külə dönüb.

Fransanın meteorologiya xidməti ölkənin 30 bölgəsində, o cümlədən Seine-et-Marne-də yüksək meşə yanğını riski ilə əlaqədar narıncı xəbərdarlıq elan edib.

"Parisin yaşıl ciyəri" kimi tanınan Fontainebleau meşəsindəki yanğın son 20 ildə Fransanın şimalında qeydə alınan ən böyük üçüncü meşə yanğını hesab olunur.

Qeyd edək ki, Fontainebleau meşəsi və Gatinais Təbiət Parkı Fransanın 10-cu biosfer qoruğu statusuna malikdir.

Məlumata görə, bu ilin əvvəlindən Fransada baş verən meşə yanğınları nəticəsində ümumilikdə 32 min hektar ərazi yanıb, yanğın törətməkdə şübhəli bilinən 59 nəfər isə saxlanılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR