Xarici İşlər Nazirliyi “Freedom House” təşkilatının son hesabatında Dağlıq Qarabağı “qismən azad” ölkələr sırasında qeyd etməsinə reaksiya verib.
AZXEBER.COM xəbər verir ki, XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı mətbuata açıqlama verərək bildirib ki, bu cür yanaşma ilə Freedom House təşkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olublar:
“Özünü insan hüquqlarının və fundamental azadlıqların “keşikçisi” kimi təqdim etməyə çalışan Freedom House təşkilatı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli” nə daxil etməsi bu təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyü qabarıq şəkildə biruzə verir”