AZXEBER.COM-un Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla müsahibəsi:
- Dünən keçirilən mətbuat konfransında ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun (DİİHB) missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar kifayət qədər tənqidi ilkin hesabat verdi. Bu sənədə sizin münasibətiniz necədir? - Hesabatın məzmunu tənqid deyil, əslində siyasi sifarişlə atılan böhtandır. Sözügedən hesabat nəinki Azərbaycanın bugünkü reallıqları ilə ziddiyyət təşkil edir, üstəlik sağlam təfəkkürə də tamamilə yaddır. Keçirilən seçkilərin əks etdirdiyi reallıqlar nədən ibarətdir? Seçkiləri 1300 beynəlxalq müşahidəçi, o cümlədən, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa İttifaqının (Aİ) nümayəndələri, 50 mindən artıq yerli müşahidəçi izləyib. Seçkilərin gedişatını yerli və xarici KİV-lərin çoxsaylı müxbirləri işıqlandırıblar. Onların verdikləri hesabatlara və bəyanatlara görə, seçkilər çox yüksək səviyyədə, seçkilərin gedişinə hər hansı ciddi təsir göstərə biləcək qanun pozuntuları olmadan keçirilib, seçicilərin iradəsini dəqiqliyi ilə əks etdirib və beynəlxalq standartlara da tamamilə uyğun olub. Bir sıra yerli və əcnəbi şirkətlər seçicilərlə müstəqil sorğular – “exit-poll”-lar da keçiriblər. Həmin “exit-poll”-ların nəticələri də Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi olaraq elan etdiyi nəticələrə yaxın olub və onlarla uyğunluq təşkil edib. Onlar təsdiqləyiblər ki, Azərbaycan Respublikasının hazırkı prezidenti cənab İlham Əliyev seçkilərdə qəti qələbə qazanıb və digər namizədləri böyük səs fərqi ilə geridə qoyub. Xalq seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyərək, siyasi sabitliyə, öz rifahına və dayanıqlı sosial-iqtisadi inkişafa səs verib və seçkinin ilkin nəticələri elan olunandan sonra cənab prezident bəyan edib ki, o, Azərbaycanın bundan sonra da güclü və demokratik ölkə kimi inkişaf etməsi üçün əlindən gələni edəcək. Fikir verin, hətta Azərbaycana kifayət qədər tənqidi yanaşan AŞPA-nın müşahidəçiləri və son bir neçə il ərzində ölkəmizə qarşı bir sıra sərt qətnamələr qəbul edən Avropa Parlamentinin nümayəndələri də Azərbaycan xalqını seçkilərin sülh şəraitində, azad, dürüst və şəffaf keçirilməsi münasibətilə təbrik ediblər. Azərbaycan xalqını ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da təbrik edib, o cümlədən o, keçirilən seçkilərin Azərbaycanda nümayiş etdirdiyi demokratiyanın çiçəklənməsini və inkişaf etməsini alqışladığını qeyd edib. Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Füle və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton da Azərbaycanın demokratik proseslərə sadiq olduğunu vurğulayıblar. Və belə bir fonda DİİHB müşahidəçiləri tərəfindən hazırlanan hesabatda seçki ilə bağlı əməli olaraq bir dənə də olsun müsbət məqam yoxdur, hesabat başdan-ayağa mənfiliklərlə doludur. Belə bir təəssürat yaranır ki, bu qurum seçkiləri başqa bir ölkədə müşahidə edib. Bu qədər mühüm fərqin çox sadə izahı var. Bizdə olan etibarlı informasiyaya görə, hesabat layihəsi DİİHB-nın Varşavadakı ofisində əvvəlcədən hazırlanıb. Azərbaycandakı müşahidəçilər missiyasının işi ancaq qızğın fəaliyyət görüntüsü yaratmaqdan ibarət olub. Bu, sözügedən təşkilatın köhnə fənnidir. Belə bir xətt onun Azərbaycanla bağlı əvvəlki hesabatlarda da müşahidə olunub.
Eyni zamanda, müşahidəçi missiyalarının rəhbərləri ya əsasən ölkəmizdə gedən proseslərdən xəbərsiz olan, ya da Azərbaycan və onun xalqına qərəzli yanaşan şəxslər təyin olunur. Uzunmüddətli müşahidəçilər missiyasının hazırkı rəhbəri Tana de Zulueta da elə bu qəbildən olan insandır. Bu dəfə sifarişli hesabatın irəli sürülməsi üzrə ona həvalə edilən “missiya” onun ölkəmizə münasibətdə şəxsi-qərəzliyi ilə üst-üstə düşüb. Təəssüf ki, DİİHB tərəfindən monitorinqə cəlb edilən bir çox müşahidəçilər özlərindən asılı olmayaraq, Azərbaycana qarşı qurulan siyasi oyunun alətinə çevriliblər. Onların bir çoxu hesabatın müddəaları ilə uyğun gəlməyən fikirlər səsləndirirlər və açıq şəkildə gözləri ilə görmədikləri və ən azı qərəzli hesab etdikləri sənədin həmmüəllifi kimi qələmə verilmələrindən narazılıqlarını ifadə edirlər. İş o yerə çatdı ki, ATƏT-in dünənki mətbuat konfransında çıxış edən xüsusi əlaqələndiricisi Mişel Vuazen sonradan qısamüddətli müşahidəçilərin qeyd etdikləri müsbət məqamların hesabatda yer almadığına dair xüsusi bəyanat vermək məcburiyyətində qaldı. O həmçinin qeyd etdi ki, seçkilər şəksiz qalibi aşkara çıxardı və bütün seçki kampaniyasının ölkənin demokratiya sahəsində irəlilədiyinə sübut oldu. Mişel Vuazenə görə bu tərəqqi həm namizədlərin sayında, həm onların televiziya vasitəsi ilə təşviqat aparmaları üçün bərabər imkanların yaradılmasında, eyni zamanda seçicilərin yüksək fəallığında və Mərkəzi Seçki Komissiyasının seçkiləri yaxşı təşkil etməsində öz əksini tapmışdı. Bəyanatda həmçinin seçkilərin azad, şəffaf və ədalətli keçdiyi və ATƏT əlaqələndiricisini AŞPA və Avropa Parlamentinin mövqeyini tam olaraq bölüşdüyü bildirilir. Dünən keçirilən mətbuat konfransında DİİHB missiyasının rəhbəri hesabatın obyektiv olmaması haqqında ədalətli irad və onun Avropa Parlamenti və AŞPA-nın hesabatları ilə ziddiyyət təşkil etməsinə dair suallara cavab olaraq bildirib ki, bütün digər təşkilatlar seçkilərə uzunmüddətli müşahidəçilər göndərməyiblər və bu səbəbdən bütün seçkini əhatə edə bilməyiblər. Axı DİİHB-nın sənədi seçki gününə aid olan digər hesabatlarla əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Seçkilərin bu mərhələsini isə öz müşahidəçilərini göndərən bütün beynəlxalq təşkilatların təmsilçiləri izləyib. Bundan əlavə, Azərbaycan 2000-ci ildən Avropa Şurasının üzvü kimi ölkədəki hazırkı vəziyyət barədə çox yaxşı məlumatlı olan bu təşkilatın monitorinqi altındadır. Buna görə də, DİİHB missiyasının belə absurd izahı onların hesabatının siyasi motivasiyalı xarakterini gizlədə bilmir. - Qəribədir ki, ATƏT/DİİHB hesabatı Milli Şura və onun prezident seçkilərində olan namizədinin bəyanatları ilə üst-üstə düşür. - Bu ona görə baş verir ki, hər iki halda eyni metodlardan istifadə olunur. Milli Şura adlanan qurum öz namizədinin bütün perspektivsizliyini, xalq tərəfindən dəstəyin yoxluğunu və öz sarsıdıcı məğlubiyyətini anlayaraq, əvvəlcədən guya seçkilərdə baş verəcək saxtakarlıqlar barədə yalançı təbliğat kampaniyasının keçirilməsi taktikasını seçib. Atalar demişkən, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Hələ seçki kampaniyası zamanı Milli Şuradan olan namizədin özünün çoxlu sayda saxtalaşdırılmalarda əlinin olduğu aşkar edilib. Artıq seçkilər başladıqdan sonra isə onun tərəfdarlarının seçkiləri etibardan salmaq üçün hazırladıqları çoxlu sayda saxta materialların üstü açılıb. Özü də onlar o qədər tələsiblər ki, “seçki günündə olan saxtalaşdırılmalar” barədə olan videoları internetə oktyabrın 8-də yerləşdiriblər. Saxtalaşdırılmalar xalqla əlaqəsini tamamilə itirmiş, normal demokratik yolla bu xalqdan dəstək qazana bilməyən və şübhəsiz ki, seçkilərdə faciəvi məğlubiyyətdən sonra mövcudiyyətini itirəcək radikal müxalifətin metodudur. Eyni saxtalaşdırılma metodu DİİHB missiyası tərəfindən onlara verilmiş siyasi sifarişi yerinə yetirmək üçün istifadə olunur. Bununla belə, Milli Şuranın bir neçə üzvü və DİİHB hesabatının müəlliflərindən başqa heç kim seçkilərdə ciddi pozuntular aşkar etməyib. - Bir neçə həftə sonra ATƏT/DİİHB, adətən, bu təşkilatın tövsiyələrini özünə daxil edən yekun hesabatı dərc edəcək. Bu tövsiyələr necə hesaba alınacaq? - DİİHB öz ilkin hesabatı ilə növbəti dəfə nümayiş etdirdi ki, təşkilatın mandatının tələb etdiyi kimi, Azərbaycandakı seçki prosesinin obyektiv təsviri onun maraq dairəsinə daxil deyil. Missiyanın hesabatı yenidən ölkəmizə siyasi təzyiq vasitəsi rolunu oynayır. Sadəcə, bu dəfə sənədin bütün absurdluğu o qədər aydındır ki, ona ciddi yanaşmaq olmaz. Eləcə də, belə hesabatlara əsaslanan tövsiyələri də ciddiyə almaq lazım deyil. Azərbaycan həmişə ATƏT/DİİHB də daxil olmaqla, bütün beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl edir. Ancaq tərəflərdən biri bu öhdəliklərdən siyasi təzyiq vasitəsi kimi istifadə edirsə, onda məncə, biz DİİHB ilə əməkdaşlığımıza davam etməyin lazım olub-olmadığı barədə düşünməliyik.