Rusiyanın “Gecə qurdları” baykerlər qrupu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə getməyəcəklər.
Gün.Az xəbər verir ki, qrupun mətbuat katibi Anna Komarov Ermənistan mətbuatının səfərlə bağlı yaydığı bu məlumatı təkzib edib.
Avtoyürüşün təşəbbüskarı Zorik Tovmasyan isə bildirib ki, Ermənistana gedəcək baykerlərin çoxu erməni əsilli olanlardır:
“Gecə qurdları” bu yürüşdə iştirak etmirlər, onlar yalnız bizə dəstək veriblər”.
Qeyd edək ki, erməni əsilli baykerlər bu yürüşü qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr edirlər.
Daha əvvəl Azərbaycan XİN bəyan edib ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır:
“Bu kimi əməllər, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”.