Dekabrın 15-də "Gənc Media Kapitanları" Jurnalistika Məktəbinin açılış mərasimi baş tutub.
Azərbaycan Respublikası Gənclər Fondunun XXI qrant müsabiqəsində qalib olan "Gənc
Media Kapitanları" Jurnalistika Məktəbi layihəsinin ilk təlimi "AccessBank"ın
baş ofisində keçirilib.
Təlimi layihə rəhbəri Əfsələddin Ağalarov giriş nitqi ilə açıq elan edib.
Layihə rəhbəri bu gün Azərbaycan mediasında gənc jurnalistlərin sayının kifayət
qədər olduğunu diqqətə çatdırıb. O bildirib ki, əksər gənc jurnalistlər müəyyən
səbəblərdən mətbuatda aktivlik nümayiş etdirə bilmirlər: "Bunun da öz növbəsində
obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb onların kifayət qədər təcrübəli
olmaması, ikinci səbəb isə bu imkanın onlara yaradılmaması ilə bağlıdır. Hesab
edirik ki, jurnalistlər arasında qarşılıqlı dialoqa söykənən tədbirlərin təşkili
vacibdir. Məhz elə bu səbəbdən bu layihənin həyata keçirilməsinə qərar verdik".
Ə.Ağalarovun sözlərinə görə, "Gənc Media Kapitanları" ali təhsil müəssisələrində, QHT-lərdə jurnalist olmaq istəyən aktiv gəncləri bir araya toplayır, onları media kapitanları, müxtəlif özəl sektorda təmsil olunan qrumların PR və Marketinq mütəxəssisləri ilə görüşdürür.
Daha sonra "AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru, Warwiсk Buisness Məktəbinin MBA məzunu Günay Cəlilova "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib. Departament direktoru həmçinin bankda marketinq strategiyasının qurulması, müştərilər bazasının formaşmasında marketinqin rolu barədə də tələbələrə ətraflı məlumat verib. Bank rəsmisi bank-media əlaqələrinin tənzimlənməsi və bu istiqamətdə aparılan işləri də təlim iştirakçılarının diqqətinə çatdırıb.
Natiq bankın reklam strategiyasının qurulmasında müştəri kontingentinin vacibliyini xüsusi qabardaraq, praktik nümunələr üzərindən beynəlxalq təcrübəni gənclərlə bölüşüb.
Qarşılıqlı fikir mübadiləsi, dialoq formasına davam edən tədbir iştirakçıların xüsusi marağına səbəb oldu.
Təlimdən sonra xatirə şəkili çəkdirildi.