“Gəncə Marafonu”nun qalibləri məlum oldu - FOTOLAR

“Gəncə Marafonu”nun qalibləri məlum oldu - FOTOLAR
İDMAN
17:22 17.09.2017
1288
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarları altında keçirilən "Gəncə Marafonu-2017”yə sentyabrın 17-də Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən start verilib.

 Azərtac xəbər verir ki, Gəncə şəhəri regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər olub.

Saat 10:00-da start götürən marafonun məsafəsi 17 kilometrdir. Marafon Gəncə şəhərində "Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Heydər Əliyev Park Kompleksində başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, bir sıra ölkələrdən olan iştirakçılar da marafona qoşulub.

Layihə regionlarda idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

"Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.
 
Marafonda birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.

Qadınlar arasında isə birincilik Ukrayna vətəndaşı Valentina Poltavskaya nəsib olub.
 


OXŞAR XƏBƏRLƏR