Göygöl rayon Polis Şöbəsinə (RPŞ) dekabr ayının 9-da vətəndaşa məxsus nağd pulun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - Kamran Əliyev, Elgiz Mahmudov və Hüseyn Tağızadə saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, şəhər ərazisindəki kafelərin birində yeyib içdikdən sonra tanışları Fərhad Həsənovla (zərərçəkən) birlikdə avtomobil ilə Göygöl rayonuna gəzməyə gəlmiş, yolda zərərçəkənin içkili olmasından istifadə edərək onun əl-qolunu bağlayıb, cibindən 1900 manat nağd pulu soyğunçuluq yolu ilə ələ keçiriblər.
Saxlanılan şəxslər dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edərək əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.
Faktla bağla RPŞ-nin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.