Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.
Ölkə Prezidentinin yüksək diqqət və qayğısı sayəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar sabitliyin qorunmasına əsaslı zəmin yaratmışdır.
Azərbaycanın hər bir bölgəsi kimi, Gəncə şəhərinin də inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində dəfələrlə şəhərimizdə olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır.
Bu gün şəhərdə görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilməkdədir. Məhəllədaxili yolların asfaltlanması, ara küçələrdə işıqlandırma sisteminin qurulması, uşaqlar üçün oyun meydanşaçalarının yaradılması, işlə təminat, fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi kimi işlərin mütəmadi olması şəhərimizin inkişafının əsaslı nümunəsidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterinklə Bakı şəhərində görüşərək Gəncə şəhərinin layihələrinin işlənib hazırlanmasına, infrastrukturun və yaşayışın yaxşılaşdırılmasına dair razılığa gəlib. Bu əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən və abadlaşdırılma işlərindən Gəncə şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək. Bu, Gəncə gəncləri üçün çox sevindirici haldır və mən bu kimi layihələrin və əməkdaşlıqların davamlı olacağına əminəm.
Bu işdə xüsusi təşəbbüsü və əməyi olan ölkə başçısına, möhtərəm cənab Prezidentə Gəncə gəncləri və idmançıları adından Gəncə şəhərinin abadlaşdırılması və təkmilləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik.