“Yeni Müsavat” qəzetinin bugünki buraxılışında “Gəncədə Hadisə üçün pulyığma kampaniyası” adlı yazı dərc edilib. Qəzetin iddiasına görə, 10 may - Gül bayramı münasibəti ilə Gəncədə keçirilən konsertdə iştirak edən məşhur türk müğənniləri Hadisə və Mustafa Cecəliyə ödənilən 250 min manat qonorar büdcə təşkilatlarından, müəsissələrdən, bələdiyyələrdən, icra nümayəndəliklərindən və ticarətlə məşğul olan sahibkarlardan yığılıb. Bildirilir ki, pultoplama işinə rəhbərliyi Kəpəz rayon icra başçısının müavini, Gəncə şəhər YAP-ın sədri Naqif Həmzəyev həyata keçirib.
Bu iddialara YAP-ın Gəncə şəhər təşkilatının sədri Nafiq Həmzəyev öz münasibətini bildirib.
AZXEBER.COM-a açıqlamasında N. Həmzəyev deyib ki, Gəncədə Hadisə və Mustafa Cecəliyə pul yığılması və həmin prosesdə guya onun da iştirak etməsi tamamilə yalan məlumatdır:
“Mən bu böhtana görə narahatlıq keçirdim, belə bir şey olmayıb. Olması da mümkün deyil. Dövətimiz, prezidentimiz və partiyamız bizə etimad göstərib ki, cəmiyyətin yenidən qurulmasında, demokratikləşməsində öz töhfələrimizi verək. Belə olan halda, biz necə bu cür çirkin əmələ əl ata bilərdik? Mən xaricdə təhsil almışam, maaşla dolanıram və bu cür çirkin böhtandan da heyrətlənmişəm. Bizə qarşı həyata keçirilən bu çirkin texnologiyanın məsulları və tərtibçiləri kimdirsə, hesab edirəm ki, qanun qarşısında cəzalanmalıdırlar. Xəbərdə yazılanlar hamısı böhtandır, xəyal məhsuludur, düzünəqəsdlə söylənmiş yalandır . Bu yazıların hamısı tamamilə təxribatdır. Ümumiyyətlə bu mümkün olan bir şey deyil, belə bir şey olmayıb və ola da bilməz. Onların bu yazını yazmaqda məqsədi Gəncə və gəncəlilərə qara yaxmaqdır”.