Gəncədə dünən baş vermiş iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar yayılıb.
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, şübhəlilərdən biri – 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısına çıxarılıb və oğurluğa görə 1,5 il həbs cəzası alıb.
İkinci şübhəli Fərrux Qasımovun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.
Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.
Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.