Gəncənin girişində şəhidlərin şəkilləri vurulmuş lövhələr niyə sökülür?

Gəncənin girişində şəhidlərin şəkilləri vurulmuş lövhələr niyə sökülür?
SOSİAL
17:17 29.07.2025
211
Gəncənin girişində magistral yolun kənarında quraşdırılan şəhid şəkilləri vurulmuş lövhələr sökülüb.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Bakı-Qazax avtomagistralının 343.2-ci kilometrində "Azəravtoyol" ASC tərəfindən təmir-tikinti işlərinə başlanıldığı üçün aparılan işlər çərçivəsində magistral yolda yerləşən yolayırıcı arakəsmələr söküldüyündən, həmin arakəsmələrə bərkidilmiş şəhid plakatlarının da götürülməsi zərurəti yaranıb.

Qeyd olunub ki, bu səbəbdən, şəhid ailələri tərəfindən quraşdırılmış plakatlar onların özləri tərəfindən və ya onların iştirakı ilə sökülərək götürülüb:

"Gəncə şəhərinin bir neçə ərazisində şəhidlərimizin əziz xatirəsinin yaşadılması məqsədilə müvafiq işlər görülüb. Belə ki, Gəncə şəhərinin Şəhidlər xiyabanının giriş hissəsində qəhrəmanlarımızın şəkillərinin yer aldığı lövhə quraşdırılıb. Gülüstan yaşayış massivindəki "İstiqlal" parkında Gəncə Memorial Bulaq Abidə Kompleksi inşa edilib. "İmamzadə" dini ziyarətgah kompleksində yerləşən "İmam Hüseyn" meydanının divar hissəsinə şəhidlərimizin mərmər üzərində həkk olunmuş şəkilləri vurulub".

Həmçinin əlavə olunub ki, 30 yanvar 2022-ci tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Gəncə Memorial Kompleksinin inşası davam etdirilir:

"Eyni zamanda, gələcəkdə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi Meydanında quraşdırılacaq yeni monitor vasitəsilə Gəncə şəhidlərinin şəkillərinin slayd şəklində nümayiş etdirilməsi nəzərdə tutulur".

OXŞAR XƏBƏRLƏR