Son vaxtlar insanlar, xüsusilə də gənclər arasında tibbi müayinələrə və həkimə müraciət halları artıb. Psixoloqlar bu tendensiyanı yalnız sağlamlıq narahatlığı ilə izah etməyin çətin olduğunu deyirlər. Onların fikrincə, stress, sosial media təsiri və xəstəliklər barədə informasiya bolluğu gənclərin sağlamlıqdan həddindən artıq narahat olmasına səbəb olur.
Psixoterapevt Elmir Əkbər AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu hal dünyada geniş yayılan ipohondriya adlı psixoloji problemdir:
"Azərbaycanda COVID-dən sonra bu hallar artan xətlə davam edir. İnsanlar bunu adi narahatlıq kimi qəbul edirlər, amma əslində bu, psixoloji problemdir. Xəstələnmək qorxusu və ya mütəmadi müayinə olunmaq istəyi ipohondriyaya aiddir. Təəssüf ki, bu vəziyyətin yaranmasında bəzi savadsız və qeyri-peşəkar həkimlərin də rolu var. Belə hallara ‘yatrogeniya’ deyilir”.
Mütəxəssisin sözlərinə görə, bəzi dələduz və qeyri-peşəkar həkimlər xəstələrin qorxusundan sui-istifadə edərək onları çoxsaylı və bahalı analizlərə göndərirlər:
"Bəzi həkimlər xəstələri lazımsız analizlərə, KT və MRT müayinələrinə yönləndirir. Halbuki ipohondriya problemi psixoloji yönlüdür və onu dərmansız, psixoterapiya seansları vasitəsilə müalicə etmək mümkündür. Amma insanları yanlış istiqamətə yönəldirlər. Buna ‘həkim karuseli’ də deyilir”.
Elmir Əkbər əlavə edib ki, Azərbaycanda heç bir psixoloji problemi qan analizi və ya bahalı cihazlar müəyyən edə bilməz:
"Vətəndaşlar EEG, KT və MRT müayinələrindən keçirilir, lakin nəticə dəyişmir. Bu, həm insanların cibinə zərər vurur, həm də onları əlavə stressə salır”.
Psixoloq qeyd edib ki, ipohondriyadan başqa, nazafobiya (mikrob qorxusu) və xəstəlik fobiyası kimi hallar da geniş yayılıb:
"Bu, bütün dünyada müşahidə olunan bir fenomendir. Sadəcə, inkişaf etmiş ölkələrdə insanları vaxtında psixoterapiyaya yönləndirirlər. Təəssüf ki, bizdə psixoterapiya ixtisası olmayan şəxslər də özlərini psixoterapist kimi təqdim edirlər. Halbuki bu müalicə yalnız müvafiq ixtisas diplomu olan mütəxəssis tərəfindən aparılmalıdır”.
Şahanə Ziyad